...

Azərbaycanda Beynəlxalq Kredit İttifaqları Günü qeyd edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2011 19:02 (UTC +04:00)
"Azərbaycan Kredit İttifaqları Assosiasiyası" İctimai Birliyinin (AKİA) üzvləri olan kredit İttifaqları oktyabr ayının 20-də Bakıda "Kredit İttifaqları işıqlı dünya yaradır" şüarı altında Beynəlxalq Kredit İttifaqları Gününü qeyd edib və üzvlərin Ümumi Yığıncağını keçiriblər.
Azərbaycanda Beynəlxalq Kredit İttifaqları Günü qeyd edilib

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

"Azərbaycan Kredit İttifaqları Assosiasiyası" İctimai Birliyinin (AKİA) üzvləri olan kredit İttifaqları oktyabr ayının 20-də Bakıda "Kredit İttifaqları işıqlı dünya yaradır" şüarı altında Beynəlxalq Kredit İttifaqları Gününü qeyd edib və üzvlərin Ümumi Yığıncağını keçiriblər.

AKİA-nın rəhbəri Elçin Bağırov çıxışında AKİA-nın sentyabr ayının 18-23-ü tarixində Asiya Ölkələri Kredit İttifaqlarının Konfederasiyası Assosiasiyasının (AACCU) illik konfransında uğurla iştirakını, üçrəngli bayrağımızın xarici ölkədə bir daha dalğalandığını və AKİA-ya AACCU-nun 2011-ci il üzvlük sertifikatı ilə təntənəli surətdə mükafatlandırıldığından bəhs edib.

"Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı və regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı ölkə başçısı tərəfindən uğurla həyata keçirilir. Bu Proqramın həyata keçirilməsində kredit ittifaqları da böyük rol oynayır. Bu gün kredit ittifaqlarının inkişafında Azərbaycan hökumətinin böyük dəstəyi var. Hazırda Azərbaycan Mərkəzi Bankı kredit ittifaqları haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində yaxından iştirak edir", - Bağırov deyib.

Azərbaycanda 2003-cü ildən fəaliyyət göstərən "Azərbaycan Kredit İttifaqları Assosiasiyası" İctimai Birliyi ölkənin regionlardakı aztəminatlı kənd sakinlərinə və xırda sahibkarlara beynəlxalq təcrübəyə uyğun maliyyə-kredit xidmətləri göstərmək üçün könüllülük əsasında birləşən şəxslərdən ibarət kredit ittifaqlarının yaranmasında və onların inkişaf etdirilməsində yüksək təşkilatçılıq tədbirləri həyata keçirib. Bunun nəticəsi olaraq hazırda respublikamızın ayrı-ayrı regionlarında AKİA-nın tərkibinə daxil olan 80-dək kredit ittifaqları fəaliyyət göstərir ki, onların da xidmətlərindən 22 000 nəfərədək üzv istifadə edir.

AKİA Ümumdünya Kredit İttifaqları Şurasının (World Council of Credit Unions - WOCCU), Asiya Ölkələri Kredit İttifaqlarının Konfederasiyası Assosiasiyasının (AACCU), Ümumdünya Qeyri-Hökumət Təşkilatlarının Assosiasiyasının (World Association of Non-governmental Organizations - WANGO), Mikromaliyyə Mərkəzinin (Microfinance Centre) üzvüdür.

Xəbər lenti

Xəbər lenti