...

İl ərzində Azərbaycanda biznesin güzəştli kreditləşdirilməsi həcmi 31 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2011 15:26 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) cari ilin üç rübündə 106,4 milyon manat dəyərində 1289 layihəni maliyyələşdirib.
İl ərzində Azərbaycanda biznesin güzəştli kreditləşdirilməsi həcmi 31 faiz artıb

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) cari ilin üç rübündə 106,4 milyon manat dəyərində 1289 layihəni maliyyələşdirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Fondun rəsmi nəşrlərdə yayılan balans hesabatında deyilir.

Məlumata əsasən, SKMF-nin güzəştli kreditləri hesabına bu layihələrin həyata keçirilməsi 5111 yeni iş yerinin açılmasına imkan yaradır.

Bir gün əvvəl Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında maliyyə naziri Samir Şərifov deyib ki, SKMF xətti ilə ayrılan güzəştli kreditlərin həcmi il ərzində 31 faiz artıb.

Nazirin sözlərinə əsasən, ötən ilin analoji dövrü ilə müqayisədə investisiya layihələrinin sayı 27 faiz, bu layihələrin həyata keçirilməsi nəticəsində yaranan iş yerlərinin sayı isə 37 faiz artıb.

Şərifovun sözlərinə görə, fəaliyyətə başladığı dövrdən dövlət büdcəsindən və digər mənbələrdən üst-üstə Sahibkarlığa Kömək Milli Fonduna 453 milyon manat ayrılıb.

Üç rüb ərzində SKMF sənaye istehsalı və emalı üzrə müxtəlif sahələrdə 24,5 milyon manat dəyərində 84 layihəni maliyyələşdirib. Kənd təsərrüfatı məhsullarının emalı sahəsindəki 12 layihənin həyata keçirilməsinə 16,2 milyon manat, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə 1174 layihənin həyata keçirilməsinə 51,7 milyon manat, xidmət sektorunun inkişafı üzrə 13 layihəyə 13,3 milyon manat, turizmin inkişafi üzrə 6 layihəyə 755 min manat ayırıb.

SKMF 15,2 milyon manat dəyərində (ümumi portfelin 14,3 faizi) 2171 kiçik kredit (ümumi kreditlərin 94,4 faizi) ayırıb. Hesabat dövründə 0,676 milyon manat dəyərində (0,6 faiz) altı orta kredit (0,5 faiz), 10,9 milyon manat dəyərində (10,2 faiz) 25 böyük kredit (1,9 faiz) və 79,7 milyon manat dəyərində (74,9 faiz) 41 iri kredit (3,2 faiz) ayrılıb.

SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin ayrılması 38 müvəkkil bank və bank olmayan kredit təşkilatı vasitəsilə həyata keçirilir.

Oktyabrın 25-nə olan rəsmi məzənnə 0,789 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti