...

Hava şəraitinin pisləşməsi Azərbaycan infrastrukturunun işinə təsir etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2011 11:04 (UTC +04:00)
Havaların soyuması ilə əlaqədar Azərbaycandan şimal istiqamətinə hərəkət edən qatarlarda isitmə sistemi istismara verilib.
Hava şəraitinin pisləşməsi Azərbaycan infrastrukturunun işinə təsir etməyib

Azərbaycan, Bakı, 26 oktyabr / Trend müxbir E.İsmayılov/

Havaların soyuması ilə əlaqədar Azərbaycandan şimal istiqamətinə hərəkət edən qatarlarda isitmə sistemi istismara verilib. Bu barədə çərşənbə günü Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

"Artıq Rusiya ərazisində hava kifayət qədər soyuq olduğundan sərnişinlərin rahatlığı üçün qatarlarda isitmə sistemi istismara verilib", - Əzməmmədov qeyd edib.

Onun sözlərinə görə, qərb istiqamətinə (Gürcüstan) hərəkət edən qatarlarda isitmə sisteminin noyabrın ortalarında istismara verilməsi gözlənilir.

Əzməmmədov onu da qeyd edib ki, ölkə ərazisində hava şəraitinin pisləşməsi qatarların hərəkətinə təsir etməyib.
"Dəmir yolu normal rejimdə işləyir və hava şəraitinin soyuqlaşması ilə bağlı heç bir problem yoxdur", - o bildirib.

Çərşənbə günü Heydər Əliyev Beynəlxalq Hava Limanından Trend-ə bildirilib ki, havanın pisləşməsi uçuşların həyata keçirilməsinə heç bir təsir göstərməyib, aeroport normal rejimdə işləyir.

"Uçuşların həyata keçirilməsində heç bir dəyişiklik və problem müşahidə olunmur. Hava reyslərin cədvəlinə, təyyarələrin qəbuluna və yola salınmasına heç bir təsir göstərməyib", - aeroportdan qeyd edilib.

Azərbaycan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi istehlakçılara qazın verilməsini 500 min kubmetrdən çox artırıb. Bu barədə çərşənbə günü Trend-ə İB-dəki mənbə məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 20-də respublika üzrə qaz tədarükünün sutkalıq həcmi 6 milyon 565 min kubmetr təşkil edir. "Oktyabrın 21-dən başlayaraq havaların soyuması ilə əlaqədar qazın verilməsi artırılıb və sutkada yeddi milyon kubmetri ötüb", - mənbə deyib.

Qaza tələbatın artması Bakıda da hiss olunur. Mənbənin sözlərinə görə, əgər oktyabrın 20-də paytaxta qaz verilməsinin sutkalıq həcmi dörd milyon kubmetrə yaxın təşkil edirdisə, indi bu həcm 4,35 milyon kubmetrə çatır.

Onun sözlərinə görə, havaların soyuması ilə əlaqədar istehlakçıların qazla fasiləsiz təmin olunmasında problem yoxdur. Qazın verilişi yalnız hələ müvafiq infrastrukturun çəkilmədiyi məntəqələrdə həyata keçirilmir. "Bu istiqamətdə aktiv işlər görülür. Bu, respublikanın bütün regionlarında qazlaşdırmanın səviyyəsinin artırılması üçün vacibdir", - mənbə deyib.

Çərşənbə günü "Bakıelektrikşəbəkə" SC-nin (Bakıda elektrik enerjisinin paylanması və satışı) mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin Trend-ə bildirdiyinə görə, havaların soyuması ilə əlaqədar Bakıda abunəçilərin elektrik enerjisi ilə təminatında problem yoxdur.

"Abunəçilər fasiləsiz olaraq lazımi səviyyədə elektrik enerjisi ilə təmin olunurlar", - Mustafayev bildirib.

Onun sözlərinə görə, SC payız-qış mövsümündə istehlakçıların enerji ilə fasiləsiz təmin olunması üçün bütün zəruri tədbirləri görüb.

Beş il ərzində "Bakıelektrikşəbəkə" ASC tərəfindən 14 ədəd 110 kilovoltluq və 29 ədəd 35 kilovoltluq yarımstansiya tikilərək istifadəyə verilib. Bu döv ərzində 128 transformator məntəqəsi tikilib, 400-ü əsaslı təmir olunub. Bu dövrdə ASC tərəfindən 2 min kilometrə yaxın enerjiötürücü xətt çəkilib. Hazırda beş 110 kilovoltluq və 16 ədəd 35 kilovoltluq yarımstansiyanın tikintisi başa çatmaq üzrədir.

Görülən işlər nəticəsində sistemin elektrik enerjisini qəbul etmək və paylamaq imkanları 2006-cı ildən 70 faiz artıb. Texniki itkilərin səviyyəsi 6 faiz azalaraq 10 faizə çatıb.

Xəbər lenti

Xəbər lenti