Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir N.İsmayılova/
2012-ci ildə Bakı və ətraf qəsəbələrdə çörək istehsalı üzrə 7-dən çox kiçik və orta müəssisə istismara veriləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev deyib.
"Hazırda ümumilikdə çörək istehsalı üzrə təxminən 10 müəssisənin yaradılması maliyyələşdirilib. Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı proqramına əsasən, çörək istehsalı üzrə təxminən 15 kiçik və orta müəssisənin yaradılması nəzərdə tutulub. Hazırda 6 müəssisə artıq istismara verilib", - Abdullayev bildirib.
Onun sözlərinə görə, Bakı-Sumqayıt yolunun yaxınlığında da çörək istehsalı üzrə sutkada 120 ton gücə malik iri müəssisənin tikintisinə başlanıb. Bu müəssisənin tikintisinə də SKMF tərəfindən güzəştli kreditlərin verilməsi nəzərdə tutulub.
"Bu istiqamətdə təkcə Bakıda deyil, həmçinin ölkənin regionlarında fəalliyyət göstərən sahibkarlarla artıq bir sıra layihələrin müzakirəsi aparılır", - o deyib.
Ölkə paytaxtının və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı məsələləri üzrə 2011-ci il martın 9-da keçirilən müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev SKMF-nin fəaliyyət təcrübəsinin dəyişməsini tapşırıb. Buna qədər SKMF əsasən ölkənin regionlarında güzəştli maliyyələşdirmə təqdim edirdi.
SKMF 1992-ci ildə yaradılıb. Ümumilikdə, 2006-2011-ci illərdə SKMF dövlət büdcəsindən sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyələşdirilməsinə 453,1 milyon manat ayırıb. 2011-ci ildə SKMF 1473 layihənin maliyyələşdirilməsinə 122,7 milyon manat güzəştli kredit ayırıb.
Bakı qəsəbələrində maliyyələşdirmə üçün 192 investisiya layihəsinin həyata keçirilməsinə ümumilikdə 30,6 milyon manat ayrılıb ki, bu da 1300-dən çox yeni iş yerinin açılmasına kömək edir.
Noyabrın 18-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.