Azərbaycan, Bakı, 18 noyabr /Trend/
Nəqliyyat Nazirliyində KOICA-nın (Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi) "Azərbaycanda Bakı buxtası körpüsünün tikintisinin Texniki-İqtisadi Əsaslandırması" (TİƏ) layihəsinin yekun iclası keçirilib.
KOICA-nın Azərbaycan nümayəndəliyindən cümə günü Trend-ə verilən məlumata görə, layihənin həyata keçirilməsi üçün Koreya Respublikası höküməti adından KOICA 2010-ci ilin iyul ayından büdcə (1,6 mln. ABŞ dolları) ayırıb. Layihəni icra edən şirkət (Dongsung Engineering, Chungsuk Engineering and Dodam E&C) dizayn standartları, geotexniki tədqiqatın nəticəsi, marşrut planı və və körpü üzərində nəqliyyat tələbatı kimi texniki aspektlərin də daxil olduğu tikintinin əsas konsepsiyası və istiqamətini hazırlayıb.
Şirkətin ekspertləri dünyada sosial-iqtisadi infrastrukturun qurulması üçün istifadə edilən özəl sərmayə ilə BOT (Tik-İstismar et-Təhvil ver), BTO və BTL tikinti üsullarını da təqdim ediblər. Bundan başqa, ekspertlər bütün dünyada maliyyə baxımından BOT tipli layihə həyata keçirmək üçün PPP-nin (Dövlət Özəl Əməkdaşlığı) vacibliyini vurğulayıb, Koreya və digər ölkələrdə Koreya hökuməti (30% - 55%) və Özəl Sərmayə Şirkətinin birgə vəsaiti hesabına tikilən bəzi nümunələr təqdim ediblər.
KOICA Koreya Respublikasının qrant yardımı və texniki əməkdaşlıq proqramlarını həyata keçirən dövlət agentliyidir. KOICA-nın partnyorluq etdiyi ölkələrdə 43 nümayəndəliyi mövcuddur.