Azərbaycan, Bakı, 24 noyabr /Trend/
Noyabrın 22-də "Kempinski Hotel Badamdar Baku"-nun "Qəbələ" zalında "AZSIĞORTA" ASC-nin 5 illik fəaliyyətinə həsr olunmuş rəsmi ziyafət təşkil olunmuşdur. Tədbirdə şirkətin partnyorları, müştəriləri, rəhbərliyi və aparıcı mütəxəssisləri, media nümayəndələri iştirak edirdilər.
Tədbiri tanınmış aparıcı Rahib Azəri açaraq "AZSIĞORTA" ASC-ni təbrik etdi. Qonaqları salamlayan "AZSIĞORTA" ASC-nin İdarə Heyətinin sədri Abbas Babayev şirkətin 5 illik fəaliyyəti, onun nailiyyət və göstəriciləri barədə məlumat verdi.
Tədbirdə şirkətin yeni loqotipinin tanıdılmasına və 5 illik fəaliyyətinə həsr olunmuş videoçarxlar nümayiş etdirildi.
Tədbirdə "Azərbaycanı addım-addım" adlı jurnalın təqdimatı baş tutdu. "Zaman" qazetinin redaktoru Natiq Pənahlı çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi haqqında sərəncamı ilə bağlı AZSIĞORTA ilə birgə hazırlanmış jurnal Qəbələ, Şəki və Zaqatala rayonlarının turizm potensialına həsr edilmiş materialları özündə əks etdirir.
Daha sonra söz Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilova verildi. Namiq Xəlilov şirkəti təbrik edib, daha yüksək nailiyyətlər arzu etdi və "AZSIĞORTA" ASC-nin rəhbərliyinə sığorta fəaliyyətinə dair müddətsiz lisenziyanı təqdim etdi.
"Azərbaycan Sığortaçılar Assosiasiyası"nın İcraçı Direktoru Azər Əliyev və sığortaçılar adından çıxış edən "Paşa Sığorta" ASC-nin İdarə Heyətinin sədri Nöfəl Rzayev öz çıxışlarında "AZSIĞORTA" ASC-nin 5 illik uğurlu fəaliyyəti dövründə həyata keçirilmiş yeniliklər, müxtəlif layihələr və nailiyyətlər barədə söz açmışlar.
Sonda çıxış edən "Gilan Holdinq"in Prezidenti Cəmil Muradov "AZSIĞORTA" ASC-yə yeni uğurlu lahiyələr, şirkətin daima bazarda lider şirkətlərdən biri olmağı arzu etmişdir.
Ziyafət "Chanel №5" caz qrupunun müşayiəti ilə davam etmişdir.
"AZSIĞORTA" ASC 2006-cı ildən fəaliyyət göstərir. Hazırda şirkət 32 könüllü və 4 icbari sığorta növü üzrə öz müştərilərinə xidmətlər təklif edir. Şirkətin əməkdaşlarının sayı 200-dən artıqdır. "AzSığorta" 7 regional filialı vasitəsilə bütün Azərbaycanı əhatə etmişdir. 1 000 000 manat həcmində nizamnamə kapitalı ilə dövlət qeydiyyatından keçən "AZSIĞORTA" ASC-nin nizamnamə kapitalı hazırda 9 445 701 manata çatdırmışdır.
Bugün "AZSIĞORTA" rəhbərliyi, o cümlədən aparıcı işçi heyəti Avropa təhsilli və sığorta sektorunda kifayət qədər təcrübəyə malik olan şəxslərdən təşkil olunmaqla, mövcud və potensial müştərilərin sığorta ehtiyaclarının düzgün müəyyən olunmasına, habelə sığorta bazarının dəyişən tələblərinə operativ cavab verməklə yüksək səviyyəli sığorta xidməti göstərməyə imkan verir.