...

"Unibank" biznes kreditləri üzrə şərtləri sadələşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2011 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Azərbaycan bankı "Unibank" ASC kommersiya bankı sahibkarlar və korporativ müştərilər üçün "Faizlər hədiyyə" Yeni il aksiyasını keçirir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü bankın məlumatında deyilir.

Aksiyanın şərtlərinə görə, ilk ayda müştərilər tərəfindən ödənilməyəcək faizlər hesabına biznes-kreditlərin dəyəri aşağı endirilib.

Bütün kredit proqramları üzrə 2011-ci il dekabrın 1-dən 2012-ci ilin yanvar 31-dək müraciət etmiş sahibkarlar və korporativ müştərilər üçün kreditin cəlb olunduğu ilk ay ərzində faiz hesablanmır. Aksiyanın şərtləri biznes-kreditlərin bütün növlərinə, o cümlədən dövriyyə vəsaitlərinin artırılması, əsas vəsaitlərin əldə olunması, malların alınması, xidmətlərin ödənilməsi, vacib sövdələşmələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün cəlb olunan vəsaitlərə şamil edilir. Biznes-kreditlər üzrə hər hansı digər məsrəfləri nəzərdə tutan əlavə komissiya haqları və ya prosedurlar nəzərdə tutulmayıb. Bu zaman "Unibank" tərəfindən tətbiq olunan illik faiz dərəcəsi 18%-dən başlanır, kreditləşmə müddəti bir ildən dörd ilə qədər, kreditlərin məbləği isə müvafiq olaraq 20 mindən 500 min manata qədər ola bilər.

"Təklifimiz Yeni il öncəsi və bayram zamanı öz vaxtına və vəsaitlərinə qənaət etmək istəyən bütün işgüzar adamlara ünvanlanıb", - "Unibank"ın korporativ bank xidmətləri üzrə direktoru Vaqif Qəribli qeyd edib.

Onun sözlərinə görə, bankın kredit xidmətlərinə biznes-qurumların ehtiyacları məhz Yeni il ərəfəsində xüsusilə artır.

"Xidmətlərimizə olan tələbatı nəzərə alaraq, biz bu dövr ərzində biznes-kreditləri borcalanlar üçün daha sərfəli etmişik", - o bildirib.

İş adamlarının bankların fəaliyyətinə etimadını artırmaq üçün "Unibank" daha ədalətli şərtlərlə maliyyə xidmətləri göstərməyə çalışır. Qəriblinin sözlərinə görə, bankın Yeni il təklifinin əsas üstünlüyü - kreditin qaytarılması müddətinin təxirə salınması deyil, ilk ay üçün biznes-kredit üzrə faiz dərəcəsinin ödənilməməsidir. Bu da müştəri tərəfindən ödəniləcək xərcləri xeyli aşağı salır.

Maliyyə bazarında işgüzar dairələr üçün sərfəli şərtlərlə geniş spektr maliyyə xidmətləri və yetərli məhsullar təklif edən "Unibank" sosial məsuliyyətli bank və Azərbaycan biznesinin etibarlı tərəfdaşı kimi mövqeyini möhkəm qoruyur. Cari ilin noyabr ayının 30-na olan məlumata görə, bankın aktivləri 422,25 milyon manata, kredit portfeli isə 309,4 milyon manata bərabər olub. Cari ilin yanvar-noyabr aylarında bankın mənfəəti 4,4 milyon manata çatıb.

"Unibank"ın səhmdarları arasında 11 fiziki şəxs (76,52 faiz), AYİB (15,15 faiz) və DEG Almaniya İnvestisiya Şirkəti (8,33 faiz) var. Bank 24 filial və şöbə vasitəsilə Bakı və Sumqayıt şəhərlərində, habelə ölkənin daha altı bölgəsində 172 mindən çox müştəriyə xidmət göstərir.

Dekabrın 14-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti