Azərbaycan, Bakı, 15 dekabr /Trend/
"Azərikimya"da Niderland Krallığının Azərbaycandakı fövqəladəvə səlahiyyətli səfiri ilə görüş olmuşdur.
"Azərikimya"dan Trend-ə verilən məlumata görə, İstehsalat Birliyinin rəhbərliyi tərəfindən səmimi qəbul edilən səfir Aryen Uyterlindeyə ilk öncə Azərbaycan neft-kimya sənayesinin yaranma tarixi və inkişafı, Birlik müəssisələrində istehsal olunan kimyəvi məhsullar və onların ixrac coğrafiyası haqqında ətraflı məlumat verilmişdir.
Görüş zamanı "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev bildirmişdir ki, "Azərikimya" İB 2010-cu ilin aprelindən ARDNŞ-nin tərkibinə verildikdən sonra Birliyin bir çox istehsalat sahələrində yeniləşmə və rekonstruksiya işləri aparılmış, müasir Avropa standartlarına uyğun texnoloji avadanlıqların quraşdırılmasına başlanılmışdır. Səfirə məlumat verilmişdir ki, son dövr ərzində kimya müəssisələrində ətraf mühitin mühafizəsinə, istehsalatda daha çox ekoloji baxımdan təmiz və iqtisadi cəhətdən səmərəli olan qurğu və avadanlıqların tətbiqinə daha geniş diqqət yetirilir.
Yaxın perspektivdə Azərbaycanda yaradılması nəzərdə tutulan yeni neft-kimya kompleksi, o cümlədən inşasına başlanılacaq Sumqayıt sənaye parkı, orada fəaliyyət göstərəcək çoxprofilli müəssisələr, ölkənin kənd təsərrüfatının inkişafında mühüm əhəmiyətə malik olacaq azot gübrəsi zavodunun tikintisi ilə bağlı məlumatlar Niderland krallığının səfirində xüsusi maraq doğurmuşdur.
Qonağa "Azərikimya"da yaxın illər ərzində həyata keçirilməsi nəzərdə tutulan layihələrlə yanaşı neft-kimya sənayesi üçün müxtəlif peşə yönümlü təlim-tədris müəssisələrinin yaradılması, respublikanın, eləcə də Sumqayıtın ali təhsil məktəblərində yeni gənc kadrların hazırlanması, gənclərin idman və mədəniyyət sahələrində daha geniş fəaliyyət göstərərək, yeni uğurlar qazanması üçün görülən tədbirlər, həmçinin Sumqayıtda bir neçə idman meydançasının daxil olacağı yeni, mərkəzi şəhər stadion-kompleksinin yaradılması haqqında da məlumat verilmişdir.
Niderland krallığı diplomatik missiyasının rəhbəri Azərbaycanın son illərdə sürətli iqtisadi inkişafından, ölkəmizin çox böyük iqtisadi potensiala malik olmasından, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolundan məmnunluğunu bildirmişdir.
Səfir "Azərikimya" İB-də həyata keçirilməkdə olan layihələrin təkcə Azərbaycan üçün deyil, Avropa ölkələri üçün də böyük əhəmiyyəti və faydası olacağını bildirmiş və gələcəkdə ölkəsinin iş adamlarının da Azərbaycanda reallaşması nəzərdə tutulan layihələrə cəlb edilməsi, birgə müəssisələrin yaradılması perspektivi ilə bağlı fikirlərini söyləmişdir.
Qonaq Birlikdə Sumqayıt məktəblilərinin ekologiya ilə bağlı orijinal rəsm əsərlərindən ibarət olmaqla daimi fəaliyyət göstərən ekoloji sərgi ilə maraqla tanış olmuş, bu ekosərginin "Azərikimya"da ətraf mühitin mühafizəsinə, ekologiya məsələlərinə xüsusi əhəmiyyət verildiyini aydın şəkildə təsdiq etdiyni bildirmişdir.
Görüşün sonunda səfir Birlikdə ötən il yaradılmış Heydər Əliyev muzey-guşəsinin foto-eksponatları ilə də diqqətlə tanış olmuş, dahi rəhbərin buradakı büstü önünə gül dəstəsi qoyaraq, dünya şöhrətli siyasətçiyə dərin ehtiramını ifadə etmişdir.