...

MONEYVAL Azərbaycanın ikinci tərəqqi hesabatını qəbul etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2011 17:38 (UTC +04:00)
Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 37-ci plenar iclası keçirilib.
MONEYVAL Azərbaycanın ikinci tərəqqi hesabatını qəbul etdi

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

2011-ci ilin 13-16 dekabr tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 37-ci plenar iclası keçirilib. İclasda Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.

Dövlət Komitəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, plenar iclasın gündəliyinə Azərbaycan tərəfindən pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) sahəsində həyata keçirilmiş tədbirlərə dair ikinci tərəqqi hesabatının müzakirəsi məsələsi də daxil edilib.

İlkin olaraq, Azərbaycan hökuməti tərəfindən təqdim olunmuş tərəqqi hesabatı üzrə Komitənin Katibliyi və məruzəçi ölkə qismində çıxış edən Polşanın nümayəndə heyəti tərəfindən aparılmış təhlil dinlənilib. Hər iki təhlildə hesabat dövrünü əhatə edən son iki il ərzində Azərbaycanda PY/TMM sahəsində əhəmiyyətli tərəqqinin əldə edildiyi, hüquqi və institusional mexanizmlərin beynəlxalq standartlara uyğunlaşdırıldığı və ümumilikdə, hökumətin bu sahədə üzərinə götürdüyü beynəlxalq öhdəliklərə diqqətlə yanaşdığı qeyd olunub.

Daha sonra plenar iclas çərçivəsində aparılmış müzakirələrin gedişində Latviya, Estoniya, Kipr, San-Marino və b. ölkələrin nümayəndə heyətləri, habelə Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun təmsilçiləri tərəqqi hesabatına dair suallar verib, eləcə də Azərbaycanın müvafiq sahədə əldə etdiyi nəticələrə dair öz münasibətlərini bildiriblər.

Müzakirələrin yekununda tərəqqi hesabatı MONEYVAL Komitəsi tərəfindən qəbul edilib.

Həmçinin, plenar iclasın gedişində gündəliyə uyğun olaraq, Komitənin Bürosunun sədri, sədr müavini və üzvləri vəzifələrinə növbəti seçki keçirilib və Büronun hazırkı sədri və müavini növbəti səlahiyyət dövrü üçün müvafiq vəzifələrə yenidən təyin edilib.

Plenar iclasın gedişatında Monako, İsrail, Ukrayna, Estoniya, Moldova, Rumıniyanın 3-cü mərhələ tərəqqi hesabatlarına, eləcə də Albaniya, Bosniya və Herseqovina, Xorvatiya və digər ölkələrin PY/TMM sahəsində həyata keçirdiyi tədbirlərə dair müzakirələr də aparılıb.

İclas zamanı, həmçinin, 2012-ci il üçün MONEYVAL çərçivəsində həyata keçiriləcək qiymətləndirmə və görüşlərin gündəliyi də qəbul olunub.

Xəbər lenti

Xəbər lenti