Gürcüstan, Tbilisi, 20 dekabr /Trend, müxbir N.Kirsxaliya/
Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın mövcud səviyyəsi digər ölkələr üçün nümunə ola bilər. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Baş naziri Artur Rasizadə çərşənbə axşamı Tbilisidə deyib.
Bu gün Tbilisidə Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası keçirilib.
"Əməkdaşlığımız həm iqtisadi, həm də siyasi planda nümunə ola bilər", - Rasizadə bildirib.
O, ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib və iki ölkə arasında iqtisadi fəallığın daimi artımından razılığını ifadə edib.
"Biz zamanla ayaqlaşmalı və region üçün əhəmiyyətli layihələr həyata keçirməliyik", - Azərbaycanın Baş naziri deyib.
Öz növbəsində, Gürcüstanın Baş naziri Nika Qilauri bildirib ki, iki ölkə arasında əməkdaşlıq təkcə dövlət başçıları səviyyəsində deyil, həm də xalqlar səviyyəsində həyata keçirilir.
"Xalqlarımız dostluq edirlər və ən başlıcası budur. Son illər ərzində 60 faiz artan iqtisadi münasibətlər, eləcə də Gürcüstana gələn turistlərin sayında kəskin illik artım bundan xəbər verir", - o deyib.
Qilauri Azərbaycan və Gürcüstanın hər il həyata keçirdikləri irimiqyaslı layihələrin vacibliyini də qeyd edib.
Hökumətlərarası komissiyanın yekunları üzrə protokol imzalanacaq.
Azərbaycan Baş nazirini Gürcüstan Prezidenti Mixail Saakaşvili də qəbul edəcək.