Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir N.İsmayılova/
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətində şəffaflığın daha da artırılması, maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun tərtib və təqdim olunması məqsədilə "Ernst & Young Holdings BV" beynəlxalq audit şirkəti Beynəlxalq Audit Standartları əsasında Fondun 2011-ci il üzrə maliyyə hesabatlarının auditinə başlayıb.
Trend-in çərşənbə günü nazirliyin saytına istinadən yaydığı məlumata görə, audit zamanı Fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, Fondun maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil ediləcək.
Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondunun maliyyə hesabatlarının auditi son dörd ildə beynəlxalq audit şirkətləri tərəfindən Beynəlxalq Audit Standartları əsasında keçirilir və nəticələri Azərbaycan və ingilis dillərində çap olunur.
Sahibkarlığa Kömək Milli Fondu dövlət büdcəsindən sahibkarlığın inkişafı üçün ayrılmış maliyyə vəsaitlərini səmərəli yerləşdirməklə, gələcəkdə də öz fəaliyyətində şəffaflığın artırılması istiqamətində tədbirlərin həyata keçirilməsini davam etdirəcək.
Yanvarın 11-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edib.