Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir N.İsmayılova/
Azərbaycan bankları Asiya İnkişaf Bankından (AİB) alınan kredit xətlərinin ödənişi prosesini başa çatdırır. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə AİB-in ölkədəki nümayəndəliyinin rəhbəri Olli Noroyono deyib.
"AİB Azərbaycanın dörd bankına maliyyələşdirmə təqdim edib, onlardan üçü kredit xətləri üzrə ödənişi başa çatdırıb. Onlar arasında ölkənin iri bankı Azərbaycan Beynəlxalq Bankı da var. Bu banka 40 milyon dollar təqdim edilib", - Noroyono bildirib.
"Kredit xətlərini, həmçinin "AccessBank", "Bank Respublika" ödəyib. "Bank of Baku" da kredit xətlərinin ödənişi prosesini başa çatdırır. Banka sonuncu ödənişini etmək qalıb", - Noroyono qeyd edib.
Özəl sektorun inkişafına dəstək üçün AİB fəal maliyyələşdirməyə 2007-ci ildən başlayıb. Bu məqsədlə AİB ölkənin bir sıra qabaqcıl bankları üçün ümumi dəyəri 56 milyon dollar olan 3 krediti təsdiq edib. Belə ki, kiçik və orta müəssisələr üçün maliyyələşdirməyə çıxışı yaxşılaşdırmaq məqsədilə "Bank of Baku"ya 6 milyon dollar dəyərində kredit, "Bank Respublika"ya 10 milyon dollar kredit, Azərbaycan Beynəlxalq Bankına isə 40 milyon dollar həcmində subordinasiya edilmiş kredit ayrılıb.
2010-cu ilin aprelində AİB Azərbaycanın beş bankı ilə ("Access Bank", "AGBank", "Bank of Baku", "DəmirBank" və "Bank Respublika") ticari maliyyələşdirmənin genişləndirilməsi çərçivəsində müqavilələr imzalayıb.
"Bank, həmçinin ticari maliyyələşdirmə xətti üzrə Azərbaycan bankları ilə əməkdaşlığı davam etdirir. Biz bu istiqamətdə artıq cari ilin fevral ayında yeni uğurların əldə edilməsini gözləyirik", - Noroyono bildirib.