Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.İsmayılov/
"Azərbaycan Hava Yolları" QSC 2012-ci ilin yayında müqavilə çərçivəsində "Boeing" aviatikinti korporasiyasının istehsalı olan üç təyyarə alacaq. Bu barədə çərşənbə axşamı Trend-ə QSC-dəki mənbə bildirib.
Onun sözlərinə görə, QSC xüsusən "Boeing 767-300ER" markalı bir sərnişin təyyarəsi və iki "Boeing 767" yük təyyarəsi almalıdır.
Ötən ilin iyununda QSC "Boeing" ilə müqavilə çərçivəsində artıq "Boeing 767-300ER" markalı sərnişin təyyarəsi əldə edib.
"Həm sərnişin, həm də yük təyyarələri Bakıya yayda gələcək. Onlar praktiki olaraq eyni vaxtda gəlməlidirlər", - mənbə qeyd edib.
Artıq 2014-cü ildə AZAL bütün MDB məkanında ilk dəfə olaraq, ən müasir "Boeing-787 Dreamliner" təyyarələrini alacaq.
2014-cü ildən sonra aviaşirkət daha bir analoji təyyarə alacaq. Bu, AZAL-a Cənubi Amerika, Cənub-Şərqi Asiya və dünyanın digər regionları daxil olmaqla, daha uzaq məsafələrə reyslərin həyata keçirilməsinə başlamağa imkan verəcək.