Azərbaycan, Bakı, 27 yanvar /Trend/
Ötən il Azərbaycanda 170 tona yaxın ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. İqtisadi İnkişaf Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə cümə günü Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib.
Sabirabad rayonunda təşkil edilən "Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır" mövzusunda keçirilmiş konfransda Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Sabirabad rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 200-dən artıq istehlakçı iştirak edib.
Konfransı giriş sözü ilə açan Zahid İsayev bildirib ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən 2011-ci il ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 167,7 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib.
İnzibati xətaya yol vermiş təssərrüfat subyektləri İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 1287,8 min manat cərimə edilib. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiklərinə görə təsərrüfat subyektlərinə 306,8 min manat min manat maliyyə sanksiyası tətbiq olunub.
Tədbir çərçivəsində iştirakçılara istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.