...

Azərbaycanda hüquqi şəxslərin elektron qeydiyyatına start verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2012 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar /Trend müxbir İ.Xəlilova/

Azərbaycan Vergilər Nazirliyi artıq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyatına başlayıb. Bu barədə çərşənbə axşamı vergilər nazirinin birinci müavini Natiq Əmirov Trend-ə deyib.

"Bu, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Dövlət rüsumu haqqında" qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər hüquqi qüvvəsini aldıqdan sonra mümkün olub" , - nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, bundan sonra yerli investisiyalı MMC-lərin dövlət qeydiyyatı elektron imzadan istifadə edilməklə də aparıla biləcək.

"Azərbaycanın hər bir vətəndaşı yerli investisiyalı MMC-nin elektron qeydiyyata alınması üçün onlayn qaydada müraciət etmək və real vaxt rejimində qeydiyyata alınmaq imkanı qazanacaq. Bu günə qədər artıq iki hüquqi şəxs elektron qeydiyyatdan keçib" , - Əmirov bildirib.

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna dəyişikliklərə əsasən, yerli investisiyalı MMC Azərbaycan vətəndaşları və ya Azərbaycanda qeydiyyatdan keçən hüquqi şəxslər tərəfindən təsis edilə bilər.

Yerli investisiyalı MMC-nin dövlət qeydiyyatı elektron imza ilə təsdiqlənən sertifikatın təqdim edilməsi, müvafiq icra hakimiyyəti orqanlarına elektron formada təqdim edilən ərizə və digər sənədlər əsasında elekton formada keçirilə bilər.

Yerli investisiyalı MMC-nin sürətli elektron dövlət qeydiyyatı, öz növbəsində real vaxt rejimində keçirilir və MMC-nin eyni hüquqi ünvanı halında və MMC-nin yeganə təsisçisi fiziki şəxs olanda tətbiqedilir. Şəhadətnamənin belə qeydiyyatı zamanı dövlət reyestrindən çıxarılış və nizamnamə şəxsə real vaxt rejimində elektron şəkildə göndərilir.

"Dövlət rüsumu haqqında" qanunda edilən dəyişikliklərə əsasən, elektron formada dövlət qeydiyyatından keçən hüquqi şəxslər dövlət rüsumu ödəməkdən azad edilib.

2008-ci ilin yanvarından etibarən kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı "bir pəncərə" prinsipi üzrə həyata keçirilir. 2011-ci ilin iyulundan etibarən fərdi sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslər dövlət qeydiyyatından elektron formada keçmək imkanı qazanıblar.

2011-ci ilin iyulun 1-dən dekabrın 31-dək elektron formada qeydiyyatdan 10,075 min fiziki şəxs keçib. 2012-ci ilin yanvarın 1-nə olan ümumi vəziyyətə görə, Azərbaycanda 420,380 min vergi ödəyicisi qeydiyyata alınıb.

Xəbər lenti

Xəbər lenti