...

Azərbaycan bankına FIFA-nın sertifikatı təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2012 18:31 (UTC +04:00)
Fevralın 14-də FIFA-nın Sürix şəhərində yerləşən mənzil-qərargahında bu il Azərbaycanda təşkil olunacaq FIFA U-17 qadınlararası dünya çempionatının milli tərəfdaşları ilə görüş keçirilib.
Azərbaycan bankına FIFA-nın sertifikatı təqdim olunub

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Fevralın 14-də FIFA-nın Sürix şəhərində yerləşən mənzil-qərargahında bu il Azərbaycanda təşkil olunacaq FIFA U-17 qadınlararası dünya çempionatının milli tərəfdaşları ilə görüş keçirilib. Görüşdə FIFA-nın Strategiya və brendin idarə edilməsi şöbəsinin rəhbəri Ralf Ştraus "Xalq Bank"ın idarə heyətinin sədri Elxan Ağayevə FIFA-nın sertifikatını təqdim edib. Bu barədə cümə günü bankdan Trend-ə verilən məlumatda deyilir.

"FİFA U-17 qadınlararası dünya çempionatının Azərbaycanda keçirilməsi ölkəmizin bütün dünyada tanınmasında çox böyük rol oynayacaq, - Ağayev qeyd edib. - Xalq Bank olaraq, bu istiqamətdə də dəstəyimizi əsirgəməməyi, ölkəmizi təmsil edən idmançıların və ümumilikdə, Azərbaycanın beynəlxalq aləmdə tanınması üçün fəaliyyətimizi davam etdirməyi qərara aldıq. 2012-ci ildə Azərbaycanda keçiriləcək ən böyük idman yarışına dəstək olacağımızla və ən əsası bu sahədə fəaliyyətimizlə ölkə əhalisi arasında idman və sağlam həyat tərzinin təbliğinə kiçik töhfə verəcəyimizlə qürur duyuruq".

FIFA U-17 qadınlararası dünya çempionatı-2012 sentyabrın 22-dən oktyabrın 13-dək Bakı və Lənkəran şəhərlərində keçiriləcək. "Xalq Bank" bu yarışa mühüm dəstək göstərəcək və FIFA, eləcə də yerli Təşkilat Komitəsinə bu tədbirin təbliği və təşkilində kömək edəcək yeganə Azərbaycan bankıdır.

Bu, "Xalq Bank"ın belə mötəbər idman turnirlərində sponsor qismində ilk iştirakı deyil. Xatırladaq ki, "Xalq Bank" bədii gimnastika, güləş üzrə Avropa və dünya çempionatlarının, futbol üzrə Avropa çempionatının yayımının sponsoru olub.

Yarandığı gündən "Xalq Bank" həm respublika, həm də beynəlxalq səviyyəli idman tədbirlərinə dəstək verməkdədir. İdmana aktiv dəstək "Xalq Bank"ın fəaliyyətində əsaslandığı sosial məsuliyyət prinsiplərinə uyğundur və Elxan Ağayev Xalq Bankın mövqeyini bir daha səsləndirdi - "Təkcə futbolda deyil, bütün idman növlərində uğurlu nəticələr qazanmış idmançılarımıza təşəkkür edir və hər zaman onları dəstəkləməyə hazırıq".

Xatırladaq ki, 2012-ci ilin Azərbaycanda "İdman ili" elan olunması ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu sərəncamın ölkə idmanının inkişafına böyük təkan verəcəyi şübhəsizdir. Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, inşa edilən müasir olimpiya kompleksləri və dövlətin idman sahəsində həyata keçirdiyi siyasətin nəticəsidir ki, ölkəmiz böyük və mötəbər idman tədbirlərini keçirir və 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

Xəbər lenti

Xəbər lenti