Azərbaycan, Bakı, 5 mart /Trend/
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2004-cü ildən fəaliyyətdə olan saytında vətəndaşlara xidmət imkanları daha da genişləndirilib.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan bazar ertəsi Trend-ə verilən məlumata görə, xüsusilə saytın "Əlaqə" bölməsində əhalinin Fondla maneəsiz əlaqə saxlaması üçün bir sıra təkmilləşdirilmələr aparılıb. Belə ki, indiyə qədər bu bölmədə DSMF-nin yerli şöbələrinin ünvanları, əlaqə telefonları, vətəndaşların qəbulu qrafiki, yol sxemi və digər zəruri informasiyalar əks olunmuşdu. Fond tərəfindən əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, vətəndaş müraciətlərinin obyektiv araşdırılması məqsədilə buraya Fondun bütün yerli şöbələrində vətəndaşların müraciətlərini birbaşa telefonla cavablandırmaq üçün məsul şəxslərlə bağlı informasiyalar əlavə edilib.
"Vətəndaşların müraciətləri ilə bağlı Fondun orqanlarında birbaşa telefon əlaqəsi üzrə məsul şəxslər barədə ətraflı məlumat" altbölməsi DSMF-nin rəsmi saytının (www.dsmf.gov.az, www.sspf.gov.az) "Əlaqə", həmçinin yeni yaradılan "Etik davranış" bölmələrində yerləşdirilib. Burada hər bir rayon şöbəsi üzrə vətəndaş müraciətlərinə telefon əlaqəsi üzrə məsul şəxslərin adı, soyadı, vəzifəsi, telefon nömrəsi yerləşdirilib.
DSMF-nin hər bir rayon şöbəsində fəaliyyətə başlayan bu xidmətin yaradılmasında başlıca məqsəd ictimaiyyətlə mövcud olan əlaqələri daha da inkişaf etdirmək, əhalinin sığorta-pensiya sistemi ilə bağlı istənilən suallarını operativ şəkildə cavablandırmaqdır. Bu xidmət vətəndaşların Fondun orqanlarına gəlmədən operativ informasiya almalarına daha geniş imkanlar yaradacaq, bir sıra problemlərin dərhal həllinə təkan verəcək.
Fondda 2004-cü ildən etibarən sayt vasitəsilə müraciətlərin elektron poçtla qəbulu da həyata keçirilir. Elektron formada daxil olan müraciətlər prosedur qaydalar gözlənilməklə elektron poçt vasitəsilə cavablandırılır. Bundan başqa, DSMF-də vətəndaşların qəbulu müəyyənləşdirilmiş günlərə və saatlara uyğun olaraq (bu barədə məlumat Fondun sspf.gov.az ünvanlı internet səhifəsində və qurumun Aparatının yerləşdiyi inzibati binanın girişində xüsusi monitorda verilib) əlaqə telefonları vasitəsilə qəbula yazılmaqla aparılır. Vətəndaşların qəbulu Fondun sədri tərəfindən hər həftənin cümə günləri, digər vəzifəli şəxslər tərəfindən isə həftənin iş günləri və ya bilavasitə həyata keçirilir.
Daha çox pensiya məsələləri ilə bağlı olan müraciətlərlə işin yaxşılaşdırılması üçün Fondun Əmək pensiyaları şöbəsinin mütəxəssisləri tərəfindən həftənin bütün iş günləri vətəndaşların maneəsiz qəbulu həyata keçirilir və onları maraqlandıran sualların birbaşa cavablandırılması təmin olunur.
2008-ci ildən isə Fondun Aparatının əməkdaşları ilə birbaşa canlı bağlantının qurulması vasitəsilə vətəndaşların suallarının operativ şəkildə cavablandırılması məqsədilə müasir tipli "190" nömrəli telefon məlumat xidməti də fəaliyyətdədir.