Azərbaycan, Bakı, 7 mart /Trend/
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi tədbirlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, martın 7-də Azərbaycan Dillər Universitetində "İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir" mövzusunda seminar keçirilib.
Seminarda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev istehlakçıların hüquqlarının müdafiəsi sahəsində mövcud qanunvericilik və bu sahədə görülən işlər barədə məlumat verib.Tədbirdə istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində Dövlət Xidməti tərəfindən görülən işlər barədə məlumat verilib, istehlakçıların maarifləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Dövlət Xidməti tərəfindən ötən il ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 13 adda 160 min, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 600 buklet çap edilərək sahibkarlara və istehlakçılara paylanıb. Bu il də istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Sonra Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir" mövzusunda məruzə ilə çıxış edib.
Tədbir çərçivəsində seminar iştirakçılarının istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılıb, onlara istehlakçı hüquqlarına dair müxtəlif materiallar paylanıb.
Tədbirdə ali təhsil müəssisəsinin 100-ə yaxın müəllim və tələbəsi iştirak edib.