Azərbaycan, Bakı, 9 mart /Trend müxbir Ə.Həsənov/
2012-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2,6 milyard manat məbləğində istehlak malları satılıb ki, bu da 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
İstehlak mallarının 337,4 milyon manatı hüquqi şəxslərin, 1,2 milyard manatı hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 1,1 milyard manatı isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə edilib.
Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 59,9 faizi ərzaq məhsullarının, 40,1 faizi qeyri-ərzaq mallarının alınmasına sərf olunub.