...

Azərbaycanda sement istehsalına maraq artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2012 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend müxbir Ə.Həsənov/

Ötən il Azərbaycanda 268 milyon manat məbləğində tikinti materialı istehsal edilib ki, bu da 2010-cu illə müqayisədə 3,9 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi hökumətin parlamentə təqdim etdiyi 2011-ci il üzrə hesabatda deyilir.

2010-cu illə müqayisədə sement istehsalı 11,5 faiz artaraq 1,424 milyon ton, tikinti gipsi 100,3 min ton (2,1 dəfə artım), tikinti əhəngdaşı 125,6 min ton (24,6 faiz artım), hazır beton qarışığı 1,1 milyon ton (17 faiz artım), yığma beton tikinti konstruksiyası 46,5 min kubmetr, asfalt 353,8 min ton, tikinti kərpici 244,2 min kubmetr təşkil edib.

Tikinti işlərinin keyfiyyətini təmin etmək üçün əsas tikinti materialı sementdir. Qısa müddət ərzində sement istehsalı sahəsində sahibkarlıq fəaliyyəti güclənib və Bakı, Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir, Qazax və digər şəhər və rayonlarda orta və kiçik zavodlar istismara verilib. "Garadagh Cement" ASC-də quru istehsal texnologiyasına keçid üçün işlər aparılıb. Bu texnologiya sənaye istehsalında ən qabaqcıl texnologiya hesab edilir.

Həmçinin Bakının Qaradağ rayonunda "Qızıldaş Sement" və Qazax rayonunun Daş Salahlı kəndində sement zavodunun tikintisi üzrə layihələr həyata keçirilir.

2003-cü ildə Azərbaycanda 1 012,4 min ton sement, 2004-cü ildə 1 427,5 min ton, 2005-ci ildə 1 537,9 min ton, 2006-cı ildə 1 662 min ton, 2007-ci ildə 1 690,8 min ton, 2008-ci ildə 1 595,6 min ton, 2009-cu ildə 1 286,3 min ton, 2010-cu ildə 1 278,8 min ton, 2011-ci ildə 1 424 min ton sement istehsal edilib.

Xəbər lenti

Xəbər lenti