...

Səmərəli maliyyə-pul siyasəti Azərbaycan əhalisinin real gəlirlərini artırıb – Baş nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2012 15:24 (UTC +04:00)
2011-ci ildə səmərəli maliyyə-pul və fiskal siyasət nəticəsində Azərbaycanda makroiqtisadi tarazlıq təmin olunub.
Səmərəli maliyyə-pul siyasəti Azərbaycan əhalisinin real gəlirlərini artırıb – Baş nazir

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir A.Axundov/

2011-ci ildə səmərəli maliyyə-pul və fiskal siyasət nəticəsində Azərbaycanda makroiqtisadi tarazlıq təmin olunub. Trend-in məlumatına görə, bu barədə cümə günü Milli Məclisin plenar iclasında Azərbaycan hökumətinin 2011-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Baş nazir Artur Rasizadə deyib.

"2011-ci ildə manatın məzənnəsi stabil qalıb, inflyasiya birrəqəmli səviyyədə saxlanılıb ki, bu da nəticədə əhalinin gəlirlərinin artımı üçün əsas yaradıb", - Rasizadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda yürüdülən diversifikasiya siyasəti, sosial və istehsal infrastrukturlarının inkişafı nəticəsində 2011-ci ildə qeyri-neft sektorunda 9,4 faizlik yüksək artıma nail olunub.

"2011-ci ildə Azərbaycan iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 21,7 milyard dollar, o cümlədən ölkənin qeyri-neft sektoruna 15,7 milyard dollar qoyulub. Bütün qoyuluşların 60 faizi daxili investisiyaların payına düşüb", - Rasizadə deyib.

Baş nazirin sözlərinə görə, 2011-ci ildə ölkədə mal dövriyyəsi 30 faiz artaraq 36 milyard dollara çatıb, strateji valyuta ehtiyatları isə il ərzində artaraq 40 milyard dolları ötüb.

"Pensiya təminatı sistemində 2011-ci ildə həyata keçirilən islahatlar 900 minə yaxın pensiyaçının pensiyalarını orta hesabla 40 faiz artırmağa imkan verib", - Rasizadə deyib.

Onun sözlərinə görə, elm, təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya və başqa sahələrdə çalışan işçilərin əməkhaqlarının, şəhid ailələri, müharibə əlilləri, aztəminatlı ailələrin müavinətlərinin artırılması ümumilikdə 1,8 milyon nəfərin sosial vəziyyətinin yaxşılaşdırılmasını mümkün edib.

"İl ərzində qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 399 milyon manat həcmində vəsait xərclənib", - Rasizadə deyib.

Xəbər lenti

Xəbər lenti