Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir A.Axundov/
2012-ci ilin mart ayı ərzində Azərbaycanın Vergilər Nazirliyinin həyata keçirdiyi operativ nəzarət tədbirləri nəticəsində 2 519 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.
Trend-in məlumatına görə, nazirliyin rəsmi saytında verilən məlumata görə, hesabat dövründə 1188 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 323 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulub.
Operativ nəzarət tədbirləri zamanı 224 vergi ödəyicisi tərəfindən 454 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 204 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 56 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 695 ədəd mal olduğu aşkarlanıb.