Azərbaycan, Bakı, 24 aprel /Trend/
Bu il 15-17 may tarixlərində "Bakı Ekspo" mərkəzində regionun qida sənayesinin əsas hadisəsi - 18-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi ("WorldFood Azərbaycan-2012") Sərgisi keçiriləcək. Trend-in məlumatına görə, bu barədə sərginin təşkilatçısı Iteca Caspian şirkətinin məlumatında deyilir.
Bu sərgiyə dəstək Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Milli Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası (ASK) tərəfindən təmin olunur.
Bu il "WorldFood Azərbaycan" sərgisində dünyanın 22 ölkəsindən 120 şirkətin iştirak edəcəyi gözlənilir. Sərgi sahəsinin 40%-i sərginin daimi iştirakçıları tərəfindən tutulacaq. Hər il keçirilən bu tədbir "WorldFood Azerbaijan" sərgisini Azərbaycan bazarında yeni məhsulların təqdimatı üçün bir platforma kimi istifadə edən onlarla yeni şirkəti özünə cəlb edir. Belə ki, sərgidə ilk dəfə Əfqanıstan, Braziliya, Misir, Serbiya və Səudiyyə Ərəbistanının şirkətləri iştirak edəcəklər.
"WorldFood Azerbaijan-2012" sərgisi bir meydançada "WorldFood", "WorldDrink" və "WorldFoodTech" kimi tematik sərgiləri bir araya gətirməklə, qida sənayesinin faktiki olaraq bütün sahələrini əhatə edəcək. Ümumilikdə isə sərgidə aşağıdakı məhsullar nümayiş olunacaq: mal və quş əti, konservləşdirilmiş ərzaq, dondurma, baqqaliyyə məhsulları, inqrediyentlər, soyutma sistemləri, qənnadı məmulatları, içkilər, habelə qida sənayesinin müxtəlif sahələri, supermarketlər, laboratoriya təhlilləri və s. üçün avadanlıqlar. Bu il süd məhsulları bölməsi öz rəngarəngliyi ilə fərqlənəcək və yerli istehsalçılar, habelə Belarus və Misir şirkətləri tərəfindən təmsil olunacaqdır.
"WorldFood Azərbaycan" sərgisi ilə bərabər 6-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "AgriHort Azerbaijan" və 1-ci Xəzər Beynəlxalq "Qablaşdırma, Tara, Etiket və Poliqrafiya" "IPACK Caspian" sərgiləri keçiriləcək.
"Agrihort Azerbaijan-2012" sərgisi kənd təsərrüfatı məhsullarının istehsalçıları və təchizatçılarını bir araya gətirəcək və Avropa istehsalçılarının kənd təsərrüfatı sektoru üzrə yeni həll variantları və məhsullarını təqdim edəcəkdir. Sərginin coğrafiyasına Azərbaycan, Rusiya, Serbiya, Türkiyə, Almaniya, Norveç, Belçika və digər ölkələr daxildir. İlk dəfə sərgidə kənd təsərrüfatı texnikası istehsalında dünya liderləri sayılan alman şirkətlərinin birgə iştirakı gözlənilir. İri buynuzlu mal-qaranın yetişdirilməsi ilə məşğul olan Ukrayna şirkətləri, habelə istixanalar və onların istismarı və tikintisi üzrə ixtisaslaşan Hollandiya şirkətləri, eləcə də Rusiya Federal Heyvanların Mühafizəsi Mərkəzi sərginin yeni iştirakçıları sırasındadır.
Regionda qablaşdırma bazarının yeganə sənaye hadisəsi - Xəzər beynəlxalq "Qablaşdırma, tara, etiket və poliqrafiya" ("IPACK Caspian-2012") sərgisi ilk dəfə Azərbaycanda keçiriləcək və qablaşdırma avadanlıqları üzrə maraqlı həll variantlarını təqdim edəcəkdir.
Bu il sərgiyə artıq 7.000-dən yuxarı mütəxəssis və sahibkar dəvət olunub. Eyni məkanda oxşar mövzulu sərgilərin keçirilməsi hər il sərgini ziyarət edən bütün bazar subyektlərinin, o cümlədən qida məhsullarının təchizatçıları, ərzaq məhsullarının topdansatış bazasının nümayəndələri, müxtəlif avadanlıq və inqrediyentlərin istehsalçıları, habelə qablaşdırma müəssisələrinin və s. bu kimi tərəflərin maraqlarını birləşdirməyə imkan verir.
Beləliklə, "WorldFood Azerbaijan" sərgisi və onun müşayiət edən tədbirlər qida sənayesi mütəxəssislərinin illik görüşləri üçün möhkəm zəmin yaratmaqla yanaşı, beynəlxalq əməkdaşlıq imkanlarını və ərzaq çeşidinin müxtəlifləşdirilməsini, habelə Azərbaycanın qida sənayesində investisiya qoyuluşu və yeni texnologiyaların tətbiqini təşviq edəcək.
Qeyd: Sərginin təşkilatçıları "Iteca Caspian LLC" və "ITE Group Plc" şirkətləridir. "ITE Group Plc" şirkətinin tərəfdaşlar şəbəkəsinə daxil olan və beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştirak etməyə fəal surətdə cəlb edən "ITE London", "EUF" (Türkiyə), "GIMA" (Almaniya) və "ITE Gulf" (Dubay) şirkətləri bu layihə üzərində işə cəlb olunublar. 2012-ci ildə keçirilən sərgilərin tərəfdaşları qismində "Azerfon MMC", "AZAL", "Greenwich Travel Club", "Hilton Hotel Baku" və "Qafqaz Point" şirkətləri çıxış edirlər. Yeddi ildən çoxdur ki, bu sərgi UFI (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) tərəfindən təqdir olunur. "UFI tərəfindən təsdiq olunub" nişanı isə sərgilərin bütün beynəlxalq standartlara uyğun olduğunu göstərir.