Azərbaycan, Bakı, 1 may / Trend /
2012-ci il 4-5 may tarixlərində Filippinin paytaxtı Manila şəhərində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 45-ci illik toplantısı keçiriləcək. Azərbaycanın maliyyə naziri Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti tədbirdə iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə Nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir. Şərifov AİB-in Rəhbərlər Şurasının üzvüdür.
AİB-in 45-ci illik toplantısında əksər üzv ölkələrdən nazirlər və yüksək vəzifəli hökumət rəsmiləri, biznes liderləri, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri olmaqla 4 mindən çox nümayəndənin iştirakı gözlənilir.
Toplantı çərçivəsində Şərifovun bir sıra işgüzar görüşləri nəzərdə tutulub.
Bu tip tədbirlər zamanı bankın ölkə ilə əməkdaşlıq strategiyası müzakirə olunur, bankın yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirilir.
Hazırkı illik toplantının əsas mövzusu ən yaxşı idarəetmə və tərəfdaşlıq vasitəsilə inkyuziv artımın təmin olunması olacaq.
Seminarlarda qlobal maliyyə səbatsızlığının Asiyaya təsiri, Asiyada artım üçün yeni imkanlar, Cənub-Şərqi Asiya ölkələri Assosiasiyasında (ASEAN), ÇXR və Hindistanda əsas inkişaf edən iqtisadiyyatların rolu, regionla ticarət və maliyyə inteqrasiyası, şəhərlərdə təbii fəlakətlərin yaratdıqları risklərin idarə olunması, iqlimin dəyişməsi və ərzaq təhlükəsizliyi müzakirə olunacaq.
1966-cı ildə yaradılan AİB-in baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-ə 22 dekabr 1999-cu ildə üzv qəbul olunub.