Azərbaycan, Bakı, 16 may / Trend müxbir İ.İsabalayeva/
Azərbaycanda regional turizm şuralarının yaradılması təklif edilir.
Şəki Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyev çərşənbə günü Trend-ə deyib ki, regional turizm şuralarının yaradılması təcrübəsi xarici ölkələrdə də var.
"Ona görə də təklif edərdim ki, bütün regionlarda belə şuralar yaradılsın. Bu amil həm daxili, həm də xarici turizmin inkişafına təsir göstərə bilər", - mərkəz direktoru əlavə edib.
O qeyd edib ki, turizm şuralarının yaradılması regionlarda turizmin inkişafına dəstək verəcək.
İmaməliyevin sözlərinə görə, turizm şuralarının tərkibinin yalnız turizm sahəsi üzrə fəaliyyət göstərən qurumların nümayəndələrindən ibarət olması təklif edilmir. Bu şuralarda şəhərin icra hakimiyyəti, inzibati orqanları, bələdiyyə və turizmin inkişafında maraqlı olan bütün qurumlar təmsil edilə bilər. Şurada cəmləşən hər bir qurum turizmin inkişafı üçün öz öhdəsinə düşən işi görməklə regionda turizmin inkişafına müsbət təsir göstərə bilər.
"Abidələrin rekonstruksiyası, qiymətlərin liberallaşması, şəhərin təmizliyi, reklamlar - bunlar hamısı turizm sahəsi üçün önəmlidir. Şuraya daxil olan qurumlar birlikdə regionda turizmin inkişafına, turistlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsinə dəstək verə bilərlər", - mərkəz direktoru əlavə edib.