Azərbaycan, Bakı, 18 may /Trend/
"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatının nümayəndələri respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş müştəriləri ilə görüşlər keçirib. Trend-in məlumatına görə, bu barədə cümə günü təşkilatın yaydığı məlumatda deyilir.
Zaqatala rayonunun Qımır, Bazar, Gözbarax, Mamrux və Çobankol, Qax rayonunun Güllük kəndlərində yaşayan müştərilər evlərinin demək olar ki, tamamilə dağılması səbəbindən çadırlarda qalmaq məcburiyyətindədirlər. Həmin kəndlərdə yaşayan müştərilərinin ağır vəziyyətini nəzərə alaraq "FINCA Azerbaijan" tərəfindən öz müştərilərinin cari kredit ödənişlərinə 3 aylıq möhlət verilib. Bundan başqa, zəlzələ günündən kredit müddətinin sonuna qədər hesablanmış faizlər müştərilərə bağışlanıb.
Güzəştlər Zaqatala və Qax rayonlarının zəlzələdən ciddi zərər çəkmiş digər kəndlərində yaşayan FINCA müştərilərinə də şamil olunacaq. Onların əksəriyyəti Kənd Kredit Qrupu və Fərdi Fermer Krediti məhsullarından istifadə edən müştərilərdir. Ərazidə işləyən FINCA əməkdaşları tərəfindən müştərilərə güzəştlər barədə ətraflı məlumat verilməkdədir.
"FINCA Azerbaijan" 5 qitənin 21 ölkəsində fəaliyyət göstərən və ortaq təcrübənin qlobal şəbəkəsini yaradan "FINCA International Inc."a məxsus olan və onun tərəfindən idarə edilən FINCA Mikromaliyyə Holdinqinin (FMH) törəmə şirkətidir. FMH FINCA-nın missiyasını - öz işlərini yaratmaq, aktivlərini qurmaq və həyat standartlarını yüksəldə bilmək üçün aşağı gəlirli sahibkarları maliyyə xidmətləri ilə təmin etmək - bölüşən sosial məsuliyyətli investisiya tərəfdaşlarının fondları hesabına maliyyələşərək fəaliyyət göstərir. Ölkədə lider MMİ-larından biri kimi "FINCA Azerbaijan" müştəriləri Kənd Qrup Krediti, Həmrəy Qrup Krediti, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkarlıq Krediti və Fərdi Kənd Kreditləri məhsulları daxil olmaqla, bir sıra maliyyə məhsulları və xidmətləri ilə təmin edən və onlara həyat vasitələrini yüksəltmə imkanı yaradan 29 filial və 35 subfilialı vasitəsilə 120 min nəfərdən çox aktiv müştəriyə xidmət göstərir. "FINCA Azerbaijan" fəaliyyətin və davamlılığın ən yüksək kommersiya prinsiplərinə sadiqdir.