...

Bakıda 2-ci Xəzər beynəlxalq "Energetika və alternativ enerji" sərgisi start götürəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2012 22:33 (UTC +04:00)
İyun ayının 5-də Bakıda energetika sənayesi nailiyyətlərinin nümayişi sahəsində Xəzər regionunun yeganə ixtisaslaşdırılmış tədbiri olan 2-ci Xəzər Beynəlxalq "Energetika və alternativ enerji" (“Caspian Power-2012”) sərgisi start götürəcək. Bu barədə Iteca Caspian şirkətindən bazar ertəsi Trend-ə daxil olan məlumatda bildirilir.
Bakıda 2-ci Xəzər beynəlxalq "Energetika və alternativ enerji" sərgisi start götürəcək

Azərbaycan, Bakı, 4 iyun /Trend/

İyun ayının 5-də Bakıda energetika sənayesi nailiyyətlərinin nümayişi sahəsində Xəzər regionunun yeganə ixtisaslaşdırılmış tədbiri olan 2-ci Xəzər Beynəlxalq "Energetika və alternativ enerji" ("Caspian Power-2012") sərgisi start götürəcək. Bu barədə Iteca Caspian şirkətindən bazar ertəsi Trend-ə daxil olan məlumatda bildirilir.

Bu sərginin məqsədi regionda enerji sektorunun gələcək inkişafı üçün münbit şəraitin təmin olunmasına, biznes əlaqələrinin qurulmasına, satış bazarlarının genişləndirilməsinə, birgə müəssisələrin yaradılmasına və ölkə bazarında investisiya layihələrinin, o cümlədən texnologiya və avadanlıqların təşviqinə kömək etməkdir. Artıq ardıcıl olaraq ikinci ildir ki, burada təqdim olunan bir sıra sektorların bir-biri ilə əlaqədar olmasına görə, "Caspian Power" sərgisi Xəzər regionunun neft-qaz sektorunda ən iri hadisə sayılan Xəzər beynəlxalq "Neft, qaz, neftayırma və neft kimyası" sərgi və konfransı ilə eyni meydançada keçirilir.

Sərgiyə rəsmi dəstək "Azərenerji" ASC və Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən təmin olunur. 2012-ci ildə keçirilən sərgilərin tərəfdaşları arasında "Azerfon" MMC, "Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Greenwich Travel Club" şirkətləri, habelə "Hilton Baku" və "Qafqaz Point" mehmanxanaları var. Böyük Britaniyanın "ITE Group plc" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian LLC" şirkəti sərginin təşkilatçıları qismində çıxış edirlər. Həmçinin, "ITE Group plc" şirkətinin bu layihə üzərində işə cəlb olunmuş tərəfdaşları - "EUF" (Türkiyə) və "GIMA" (Almaniya) dünyanın müxtəlif ölkələrindən olan beynəlxalq şirkətləri Azərbaycanda keçirilən bu sərgidə iştirak etməyə fəal surətdə dəvət edirlər. "Caspian Power" sərgisi "ITE Group plc" şirkətinin energetika sənayesi sahəsində aparıcı tədbirlərinin siyahısına daxildir və sənaye şirkətləri arasında özünü brend kimi doğrultmuş bir tədbirdir.

"Caspian Power-2012" sərgisi Azərbaycan, Almaniya, Qazaxıstan, Rusiya, Türkiyə və Ukraynanın elektrik enerjisi üzrə texnologiya təchizatçılarını öz meydanında toplayıb. Sərgidə Alternativ və bərpa olunan enerji mənbələri üzrə dövlət agentliyi kimi dövlət qurumları ilə yanaşı, Azərbaycanın enerji sektorunda fəaliyyət göstərən xarici və yerli şirkətlər də öz məhsullarını təqdim edəcəklər. Onların arasında "AZENCO STP" Sumqayıt Texnologiyalar Parkı, "Göknur Bakı" MMC, "Schneider - Elektrik" və s. şirkətlər var. Sevindirici haldır ki, "Caspian Power-2012" sərgisinin ekspozisiya sahəsi ötən il ilə müqayisədə iki dəfə artmışdır və bu, biznes ictimaiyyətinin "təmiz" enerjiyə olan marağının artmasına dəlalət edir.

Sərgi ekspozisiyası bu tematik bölmələrdən ibarətdir: energetika və elektrotexnika, enerjiyə qənaət və enerji səmərəsi, kabel-keçirici məhsullar və işıqlandırma cihazları. Belə ki, elektrik enerjisinin paylanması və avtomatlaşdırma sahəsində tanınmış dünya lideri - "Schneider Electric" şirkəti, Almaniyanın məşhur "LAPP" şirkəti və digər şirkətlər sərgidə öz yeniliklərini nümayiş etdirəcəklər. Lakin sərgidə əsas diqqət alternativ enerji mənbələrinə verilir və bu mənbələrin axtarışı son illərdə dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da müşahidə olunur. Bu sahədə layihələrin təqdimatı ilə Azərbaycan Alternativ və bərpa olunan enerji üzrə dövlət agentliyi çıxış edəcək. İqlim şəraiti zəminində, respublikada külək enerjisindən istifadənin inkişafı üzrə böyük layihələrin icrasına başlanılmışdır. Bu baxımdan, "Capsian Power-2012" sərgisinin bir hissəsi regionda külək enerjisindən istifadə və bu sahənin inkişafı perspektivlərinə həsr olunmuşdur. Günəş batareyalarının istehsalı Azərbaycanda günəş enerjisinin inkişafında mühüm addım kimi dəyərləndirilir və sərgidə bu batareyalar "AZENCO STP" Sumqayıt Texnologiyalar Parkı tərəfindən təqdim olunacaq.

Beləliklə, "Caspian Power-2012" sərgisi əlaqədar strukturlar və elektrik-enerji sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, eləcə də ən son texnoloji yeniliklər və elektrik enerjisinin inkişaf strategiyası haqqında məlumatlar əldə etmək üçün unikal imkan təqdim edir. Azərbaycanda yeni stansiyaların yaradılması, alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi, neft və qaz sektorunda həyata keçirilən işlər, o cümlədən yeni elektrik stansiyalarının açılışı sərginin perspektivliyini şərtləndirir. Təşkilatçılar ümid edirlər ki, "Caspian Power-2012" sərgisində təqdim edilən ən son avadanlıq və texnologiyalar yeni enerji layihələrində istifadə olunacaq ki, bu da ölkə sənayesinin inkişafına güclü təkan verərək beynəlxalq keyfiyyət standartlarına uyğun olan rəqabətədavamlı məhsulların istehsalını stimullaşdıracaq.

Sərgi öz işini iyun ayının 8-nə kimi davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti