...

Azərbaycanla Türkiyə arasında bitkilərin mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2012 14:10 (UTC +04:00)
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitkilərin mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.
Azərbaycanla Türkiyə arasında bitkilərin mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycan, Bakı, 30 iyun /Trend/

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitkilərin mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb. Bu barədə Trend-ə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sazişi nazirlikdə keçirilən görüşdə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehmet Mehdi Eker imzalayıblar.

İki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın cari vəziyyətinin və gələcək inkişaf istiqamətlərinin müzakirəsi məqsədilə keçirilən görüşdə nazir Abasov kənd təsərrüfatı məhsulları istehsalçılarının, torpaq vergisi istisna olunmaqla, digər vergilərdən azad olunduqlarını qonağın nəzərinə çatdırdı.

Abasov bildirib ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq getdikcə inkişaf etməkdədir və əməkdaşlığı genişləndirmək üçün potensial imkanlar mövcuddur.

2012-ci ilin 3 ayı ərzində Azərbaycandan Türkiyəyə 3 milyon 438 min ABŞ dolları dəyərində kənd təsərrüfatı və ərzaq məhsulları, o cümlədən pambıq, emal olunmamış gön, yağlı toxum və meyvələr, dərman bitkiləri, canlı ağaclar və digər bitkilər ixrac edilmiş, Türkiyədən ölkəmizə isə 13 milyon 152 min ABŞ dolları dəyərində əsasən meyvə- tərəvəz və qoz-fındıq məhsulları, süd məhsulları, təbii bal, taxıldan, undan və nişastadan hazırlanmış unlu qənnadı məmulatları idxal edilib.

Nazir İsmət Abasov cari ilin oktyabr-noyabr aylarında Bakı şəhərində Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 6-cı iclasının keçirilməsinin planlaşdırıldığını bildirib.

Azərbaycanlı nazir Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə aşağıdakı istiqamətlərdə təkliflərini nəzərə çatdırıb:

- Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, sertifikatlaşdırılması və marketinqinin təşkili üzrə məlumat mübadiləsi;

- Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin genişləndirilməsi;

- Toxumçuluq, tingçilik və yeni seleksiya sortlarının sınağı sahəsində təcrübə mübadiləsi;

- Kənd təsərrüfatı heyvanlarının süni mayalama mərkəzlərinin fəaliyyət mexanizmi, damazlıq və seleksiya işlərinin qurulması, heyvanların qeydiyyatı sahəsində təcrübə mübadiləsi;

- Hər iki ölkənin aqrar yönümlü elmi-tədqiqat və ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin yaradılması.

Türkiyəli nazir Mehmet Mehdi Eker səmimi qəbula görə öz minnətdarlığını bildirərək, aqrar sahədə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində öz səylərini əsirgəməyəcəyini nəzərə çatdırıb.

Xəbər lenti

Xəbər lenti