Azərbaycan, Bakı, 6 avqust /Trend/
Sentyabr ayının 10-dan 11-dək Azərbaycanda ilk dəfə "JW Marriott Absheron Baku" hotelində beynəlxalq "Şəhər tunel və yeraltı infrastrukturlar" adlı konqres-sərgi keçiriləcək. Tədbir 2011-ci ildən Ümumdünya Tunel Assosiasiyasının üzvü və regionda bu istiqamətin yeganə təmsilçisi olan Azərbaycan Tunelçilər Birliyinin təşəbbüsü ilə təşkil olunur.
Trend-in məlumatına görə, konqresin aktuallığını şəhər ərazisindən səmərəli istifadə olunması ilə bağlı hər il artan ehtiyacla əlaqələndirmək olar. Yeraltı məkandan (yeraltı avtomobil yolları, avtomobillər üçün dayanacaqlar, tunellər, metro, mağazalar və s.) rasional istifadə layihəçilər, memarlar, inşaatçılar, qazmaçılar, həmçinin şəhər icra hakimiyyəti, kommunal xidmətlər və bir sıra digər istiqamətlərin nümayəndələrində ciddi maraq doğurur. Bundan əlavə, yeraltı məkandan səmərəli və müasir şəkildə istifadə həm meqapolislər, həm də adi şəhərlər üçün son dərəcə vacib bir məsələyə çevrilir.
Yeraltı kommunikasiyalar sənayesinin inkişaf etdirilməsi üçün əlavə investisiyalar tələb olunur. Gələcəkdə yeraltı infrastrukturun mənimsənilməsi və inkişafı dünyanın bütün meqapolislərinin infrastruktur baxımından inkişafının ən əsas istiqamətlərindən biri olacağını vəd edir. Bu isə o deməkdir ki, xarici investorların cəlb edilməsi üçün tutarlı və perspektivli bir əsas mövcuddur. Bir sıra digər ölkələrdə olduğu kimi, Azərbaycanda da yeraltı məkandan səmərəli istifadə çox mühüm məsələ aktuallığını qoruyur. İqtisadiyyatın inkişafı və həyat səviyyəsinin artırılması ilə əlaqədar, şəxsi və ictimai nəqliyyata olan ehtiyaclar da artır. Bu isə öz növbəsində tunellərin genişləndirilməsinin zəruriliyinə səbəb olur. Dünyanın aparıcı şirkətlərinə yeraltı tikinti ilə bağlı təcrübələrini, texnologiyalarını və digər resursları, habelə innovasiyalı həll variantlarını rəhbər və digər yüksək vəzifəli nümayəndələr səviyyəsində təqdim etməyə unikal imkan yaradan beynəlxalq "Şəhər tunel və yeraltı infrastrukturlar" konqres-sərgisinin keçirilməsi qərarı da məhz bununla əlaqədardır.
May ayının 20-dən 23-dək Taylandın paytaxtı Banqkok şəhərində keçirilən Ümumdünya Tunel Konqresi ("World Tunnel Congress-2012") və "ITA-AITES" Beynəlxalq Assosiasiyasının Baş Assambleyasının 38-ci sessiyasında Bakı konqresinin təqdimat mərasimi keçirilib. Azərbaycan Tunelçilər Birliyinin beynəlxalq əlaqələr üzrə koordinatoru Kəmalə Muradova sözügedən konqresdə məruzə ilə çıxış edərək, Bakıda "Şəhər tunel və yeraltı infrastrukturlar" konqresinə bu sahədə fəaliyyət göstərən mütəxəssisləri və şirkət nümayəndələrini dəvət edib. Ümumdünya Tunelçilər Təşkilatının prezidenti Mo Li Azərbaycanın regionda iqtisadi baxımdan artan rolunu və paytaxtda həyata keçirilən irimiqyaslı infrastruktur layihələrini qeyd edərək, tunellər üzrə konqresin Bakıda keçirilməsi ideyasını dəstəkləyib. Li həmçinin Azərbaycan Tunelçilər Birliyinin fəaliyyətini yüksək qiymətləndirərək, 38-ci Beynəlxalq Tunellər Konqresinin nümayəndələrini Bakı konqresində iştirak etməyə çağırıb.
Sevindirici haldır ki, Bakı konqresi beynəlxalq ictimaiyyət tərəfindən də dərhal böyük maraqla qarşılanıb. Azərbaycan, Almaniya, Fransa, İspaniya, İtaliya, Rusiya, Ukrayna, ABŞ, Kanada, Koreya və digər ölkələrin alim və mütəxəssisləri, habelə maraq göstərən təşkilat və şirkətlər bu konqresdə iştirak edəcəklərini bildiriblər. Bu konfransa 300 nümayəndə akkreditə olunub. Konfrans iştirakçıları arasında müxtəlif ölkələrdən dövlət qurumları və beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri, şirkət prezidentləri və rəhbərləri var.
Konqresdə ən son tədqiqatlar və ən yeni yaradıcı ideyalarla üst-üstə düşən mövzular müzakirə olunacaq:
● İnfrastruktur layihələrinin təqdimatı: Azərbaycan, Rusiya, Ukrayna və digər ölkələrdə metro, tunel, avtomobil magistralları və dəmir yollarının genişləndirilməsi;
● Yeraltı infrastrukturlar: müasir şəhərsalmanın həll variantı kimi;
● Şəhər ərazisində tunellərin tikintisi;
● Yeraltı infrastrukturların mürəkkəb geoloji şəraitlərdə inşası;
● Tunellərin tikintisində ən son texniki innovasiyalar;
● Şəhərlərdə tunellərin qazılması: metodlar və risklərin idarə edilməsi;
● Tunel və yeraltı infrastrukturlarda texniki təhlükəsizlik və mühafizə.
Konqres ilə birlikdə "JW Marriott Abşeron Bakı" hotelində sərgi təşkil olunacaq. Bu sərgidə qabaqcıl şirkətlər öz tunel tikinti layihə və texnologiyalarını nümayiş etdirəcəklər.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikası Memarlıq və İnşaat Universiteti, Fransa Tunel və Yeraltı İnfrastrukturlar Assosiasiyası (AFTES), Beynəlxalq Tunel və Yeraltı İnfrastrukturlar Assosiasiyası (ITA) və Azərbaycan Tunelçilər Birliyi tərəfindən tədbirə birbaşa dəstək verilir. Tədbirin təşkilati tərəfdaşı "Iteca Caspian LLC" şirkətidir.
Həmçinin, tədbirin sponsorları siyahısına "AzərTunelMetroTikinti" ASC, "Herrenknecht", "Vinci Construction", "Bouygues TP", "Tikilən Bakı Metropoliteni", "KörpüBinaTikinti", "AzərKörpü" və "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC şirkətləri daxildir.