...

Standartlaşdırma üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi beynəlxalq akkreditasiyadan keçəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2012 18:08 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı Türk Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən akkreditasiya olunacaq.
Standartlaşdırma üzrə Dövlət  Komitəsinin Təcrübə-Sınaq Mərkəzi beynəlxalq akkreditasiyadan keçəcək

Azərbaycan, Bakı, 5 sentyabr/Trend, müxbir Ə. Həsənov/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı Türk Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən akkreditasiya olunacaq.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaydığı məlumatda deyilir.

"Bununla bağlı yaxın günlərdə TÜRKAK mütəxəssislərinin Bakıya gəlişi gözlənilir. Artıq AzTEST-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı İSO/İEC 17021:2011 "Uyğunluğun qiymətləndirilməsi. İdarəetmə sistemlərinin sertifikatlaşdırılmasını və auditini aparan orqanlara olan tələblər" standartına uyğun olaraq sənədlər dəstini TÜRKAK-a göndərib" , - məlumatda deyilir.

TÜRKAK Beynəlxalq Akkreditasiya Forumunun (İAF) tam hüquqlu üzvü olduğundan, təşkilat tərəfindən akkreditasiya olunmaqla AzTEST-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı tərəfindən verilmiş sertifikatların xarici ölkələrdə tanınması imkanları genişlənəcək.

"Məqsəd istehsal prosesinin və istehlakçıların tələblərinə əsaslanan iqtisadiyyatın inkişafına yardım etmək, dünya bazarına keyfiyyətli məhsul çıxarılması prosesini sürətləndirmək, müasir iqtisadiyyatın açarı sayılan standartlaşdırmanın çevik və məntiqli, Avropa İttifaqının tələbləri səviyyəsində daha geniş inkişafını təmin etməkdir" , - məlumatda qeyd edilir.

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) 17 iyun 2010-cu il tarixindən milli akkreditasiya qurumu tərəfindən İSO seriyalı standartlar üzrə idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə orqan kimi akkreditasiya olunub. İdarəetmə sistemlərinin sertifikatlaşdırma orqanı mütəmadi olaraq İSO 9001:2008 standartı əsasında "Keyfiyyəti idarəetmə sistemi"nin tələblərinin öyrənilməsi mövzusunda təlimlər keçirir, təşkilatlarda tətbiq olunan "Keyfiyyəti idarəetmə sistemlərinin" sertifikatlaşdırmasını aparır.

Xəbər lenti

Xəbər lenti