...

"BakuBuild-2012" 18-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2012 19:54 (UTC +04:00)
Xəzəryanı regionda inşaat sahəsinin ən böyük tədbiri - "BakuBuild-2012" 18-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi 17 oktyabr tarixində "Bakı Ekspo" mərkəzində öz qapılarını ziyarətçilərin üzünə açacaq və Xəzər İnşaat Həftəsinə start verəcək.
"BakuBuild-2012" 18-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Xəzəryanı regionda inşaat sahəsinin ən böyük tədbiri - "BakuBuild-2012" 18-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi 17 oktyabr tarixində "Bakı Ekspo" mərkəzində öz qapılarını ziyarətçilərin üzünə açacaq və Xəzər İnşaat Həftəsinə start verəcək.

Bu gün Azərbaycanın inşaat sənayesi ən dinamik inkişaf edən sahələrdən biridir. Bunu ildən-ilə artım nümayiş etdirən və bazarın daim artan tələblərinə cavab verən ixtisaslaşdırılmış "BakuBuild-2012" sərgisinin ekspozisiyası da əyani şəkildə əks etdirir. Sərginin uğurlu olması üçün dövlət strukturlarının dəstəyi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan "BakuBuild" sərgisinə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstək verilir. Böyük Britaniyanın "ITE Group plc" şirkəti və onun tərəfdaşı "Iteca Caspian LLC" şirkəti "BakuBuild" sərgisinin təşkilatçıları qismində çıxış edirlər. Sərginin belə uğur qazanması "ITE Group plc" şirkətinin beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal surətdə cəlb edən bütün tərəfdaşlar şəbəkəsinin birgə əməyinin nəticəsidir. Onların arasında "EUF" (Türkiyə), "GIMA" (Almaniya), "ITE Gulf" (BƏƏ), "International Show srl." (İtaliya), "ITE China" (Çin) və "ITE Poland" (Polşa) kimi şirkətlər var. Artıq altı ildir ki, "BakuBuild" sərgisi Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) keyfiyyət nişanını daşıyır.

Bu il sərginin sponsoru "Holcim Azerbaijan" şirkətidir. 2012-ci ildə keçirilən beynəlxalq sərgi və konfransların tərəfdaşları isə "Nar Mobile" mobil operatoru (kommunikasiya tərəfdaşı), AZAL konserni (rəsmi hava daşıyıcısı), habelə "Hilton Baku" və "Qafqaz Poynt Hotel" mehmanxanalarıdır (rəsmi hotellər).

Xəzər İnşaat Həftəsi ilk dəfədir ki, Bakı Ekspo Mərkəzinin üç zalını, həmçinin dəhliz və yeni xarici meydançasını bütünlüklə əhatə edir və bu da sərgi sahəsinin 20% artdığını göstərir. "BakuBuild-2012" sərgisində dünyanın 31 ölkəsindən 455 şirkət iştirak edəcək. Sərgi iştirakçılarının 60%-i daimi eksponentlərdir və artıq bir neçə ildir ki, onlar öz məhsullarını Xəzər regionunun bazarına çıxarmaq üçün sərgidən səmərəli platforma kimi istifadə edirlər. "BakuBuild" sərgisinin ənənələrindən biri də kollektiv stendlərin fəal iştirakıdır. Belə ki, bu il "BakuBuild" sərgisində 7 kollektiv ekspozisiya iştirak edir. Onlar arasında sərginin daimi iştirakçıları - Finlandiya, Almaniya, İspaniya, İtaliya, İran və Portuqaliya milli qrupları da var. Bu il yunan milli qrupu sərgidə ilk dəfə olaraq çıxış edir. Bu qrupun iştirakı Yunanıstanın "HEPO" sənaye-ticarət palatasının dəstəyi ilə təşkil ediləcək. Sərgidə ən böyük sahələri əvvəlcədən ehtiyatda saxlamaqla, türk istehsalçıları əvvəlki kimi Azərbaycan bazarına böyük maraq göstərirlər. Çin şirkətləri tərəfindən də tutulan meydançaların sayı artıb. Yerli iştirakçıların sayının ildən-ilə artması təşkilatçıların xüsusi sevincinə səbəb olub, belə ki, bu il iştirakçıların 35 %-ni məhz yerli şirkətlər təşkil edir. Həmçinin, hər il eksponentlərin tərkibi yeni iştirakçılarla daha da zənginləşir - bu il sərgi eksponentlərinin 30 %-ni debütant iştirakçılardan ibarətdir.

"BakuBuild" sərgisinin özəl xüsusiyyətlərindən biri onun universal olmasıdır. Belə ki, burada sadə alətlərdən tutmuş landşaft layihələndirilməsinə qədər inşaat məhsulları və xidmətlərinin bütöv spektri, habelə dizayn yenilikləri və innovasiyalı texnologiyalar ilə tanış olmaq mümkündür. "BakuBuild" sərgisi növbəti dəfə inşaat avadanlıqları, naxış və üzlük materialları, santexnika, pəncərə və qapılar, eləcə də bir çox digər məhsulların zəngin çeşidini nümayiş etdirəcək. Sərginin ekspozisiyası ziyarətçiləri bir sıra təqdimat mərasimləri ilə də sevindirəcək. Azərbaycanda otel tikintisinin fəal inkişafı ilə əlaqədar olaraq, bu il ilk dəfə işıqlandırma sistemi üçün xüsusi işıq cihazları və qurğuları, habelə mehmanxana, saray və yaşayış kompleksləri üçün xüsusi çilçıraqlar təqdim olunacaq. İstehsalçılar və distributorlar mehmanxana və ofislər üçün eksklüziv mebel, yeni dam və döşəmə örtükləri, yuyula bilən divar kağızlarını təqdim edəcəklər. Sərgidə daha bir yenilik mansarda əraziləri üçün xüsusi pəncərələrin ekspozisiyasıdır. Sərgi artıq ötən ildən başlayaraq uşaqlar, həmçinin fiziki imkanı məhdud olan insanlar üçün şəhər infrastrukturunun yaradılması sahəsində fəaliyyət göstərən şirkətləri özünə cəlb edir. Bu il sərgidə avadanlıqlarla təchiz edilmiş uşaq oyun meydançaları, fiziki imkanı məhdud olan şəxslərin şəhərdə rahat yaşamaları üçün müxtəlif qurğuların real maketlərini görmək mümkün olacaq.

Bu il sərgidə "Daşınmaz əmlak" adlı yeni sektor fəaliyyətə başlayır. Sözügedən sektorda Türkiyənin kurort regionlarında daşınmaz əmlak haqqında təkliflər təqdim olunacaq.

Kompleksin qarşısındakı açıq xarici ekspozisiyada "AzTexnika" (Azərbaycan), "HIDROKON" (Türkiyə), "Hyundai" (Koreya), "Intertechnics" (Azərbaycan), "LTS MMC" (Azərbaycan), "MANN" (Almaniya), "Manitou" (Azərbaycan), "Prolink Caspian" (Azərbaycan), "VOLVO" (İsveç), "Wirtgen" (Almaniya), "Faymonville" (Belçika) və "JCB" (Böyük Britaniya) kimi lider brendlərin və digər şirkətlərin texnikaları nümayiş etdiriləcək.

"BakuBuild" sərgisi ilə paralel olaraq 4-cü Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji ("Aqua-Therm Baku") sərgisi və 5-ci Yubiley Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri ("CIPS-2012") sərgisi keçiriləcək. "Aqua-Therm Baku" sərgisi xarici "HVAC" (istilik, ventilyasiyalar, kondisiyalaşdırma sistemləri, santexnika və su təchizatı) istehsalçılarının arasında get-gedə daha çox populyarlıq qazanır. Belə ki, bu il "Aqua-Therm Baku" sərgisi Azərbaycan, İtaliya, Rusiya və Türkiyənin 78 şirkəti, həmçinin Belçika, Çin, Finlandiya, İsveç, Yaponiya və başqa istehsalçı ölkələrin yerli nümayəndəliklərini öz meydançasına toplayacaq. "CIPS -2012" sərgisində Azərbaycan, İtaliya, Rusiya, Ukrayna və Türkiyədən olan şirkətlər yüksək texnoloji məhsulları, o cümlədən praktiki olaraq bütün sahələrdə və təhlükəsizliyin təmin olunması sektorlarında geniş surətdə tətbiq olunan avadanlıqların ən yeni nümunələrini və müasir texnologiyaları təqdim edəcəklər. "CIPS-2012" sərgisinin ən böyük bölməsi isə "Yanğınla mübarizə avadanlıqları və texnikası" olacaq.

Ənənəvi olaraq, sərgini müşayiət edən işgüzar proqrama təqdimat mərasimləri, seminarlar və ustad dərsləri ("master-klasslar") daxil olacaq. Belə ki, Azərbaycanın yeni şəhərsalma məcəlləsinin aktual mövzusu "Azərbaycanın yeni şəhərsalma və inşaat məcəlləsi: praktiki tətbiq məsələləri" seminarı olacaq. Bu seminar 17 oktyabr tarixində "ADM Legal" şirkətinin təşkilatçılığı ilə keçiriləcək. "Yüksək parıltı və dərin relyef, dekorların möhtəşəm mənzərəsi və tətbiqin sadəliyi: "SIBU" və "Niemann"!" adlı seminar isə mebel istehsalçıları, dizaynerlər, memarlar, habelə reklam işçiləri üçün xüsusi maraq kəsb edəcək. Sözügedən seminar "GuT Import-Export GmbH" (Almaniya) şirkəti tərəfindən 18 oktyabr tarixində "Bakı Ekspo" mərkəzində keçiriləcək. Bundan əlavə, "AquaTherm Baku-2012" sərgisi çərçivəsində də seminarlar təşkil olunacaq. Seminarların mövzuları və qrafiki haqqında ətraflı məlumatlarla sərgilərin rəsmi internet saytlarında və "Facebook" şəbəkəsindəki səhifələrində tanış olmaq mümkündür.

Sərginin işgüzar proqramına "Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu"nun (CEIBC) "Iteca Caspian LLC" şirkətinin təşkilati dəstəyi ilə təşkil etdiyi inşaat klubunun toplantısı daxildir. Bu toplantının mövzusu "Regionda inşaat sənayesinin perspektivləri və inkişafı" adlanır və tədbir sərginin ikinci günü, yəni 18 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək. Toplantıda dövlət strukturlarının nümayəndələri klub üzvlərinə əlaqədar dövlət idarələrinin fəaliyyəti haqqında məlumat verəcək, inşaat sektorunun inkişafı, tikintidə Dövlət standartlarının tətbiqi haqqında suallara fərdi qaydada cavab verəcəklər. Həmçinin, toplantı çərçivəsində sərginin bir sıra iştirakçıları öz məruzə və təqdimatları ilə çıxış edəcəklər.

Xəzər İnşaat Həftəsindən ən son xəbərlər www.bakubuild.azwww.aquatherm-baku.com, www.cips.az rəsmi internet səhifələrində və sosial şəbəkələrdə operativ şəkildə yerləşdiriləcək. Bundan əlavə, sərginin rəsmi "Daily News" qəzetinin iki nömrəsinin buraxılışı da planlaşdırılır. Bu buraxılışlarda iştirakçılar barədə məlumatlar və sərgi çərçivəsində baş verən hadisələr öz əksini tapacaq.

Beləliklə, tikinti materialları və xidmətlərinin yerli, habelə xarici istehsalçıları və istehlakçıları arasında əməkdaşlığı fəallaşdırmaqla Azərbaycanda və xaricdə inşaat bazarının inkişafına yeni təkan verən "BakuBuild" sərgisi yeni işgüzar əlaqələrin və əməkdaşlıq münasibətlərinin qurulması, habelə inşaat sektorunda fəaliyyət göstərən ekspertlər arasında təcrübənin və ən yeni məlumatların mübadiləsi üçün regional mərkəz kimi öz statusunu bir daha təsdiq edir.

Sərgi öz işini 20 oktyabr tarixində başa çatdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti