...

Azərbaycanın fındıq və meyvə qurusu məhsullarının Avropa bazarına çıxarılması imkanları müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2012 12:47 (UTC +04:00)
Oktyabrın 17-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə fındıq və meyvə qurusunun Avropa bazarına çıxarılması imkanlarına dair tədbir keçirilmişdir.
Azərbaycanın fındıq və meyvə qurusu məhsullarının Avropa bazarına çıxarılması imkanları müzakirə edilib

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Oktyabrın 17-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə fındıq və meyvə qurusunun Avropa bazarına çıxarılması imkanlarına dair tədbir keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, fındıq və meyvə qurusu istehsalı ilə məşğul olan sahibkarlar iştirak etmişlər.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycan Respublikası Prezidentinin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişafın təmin edildiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini, məqsədyönlü dövlət proqramlarının uğurlu icrası nəticəsində qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini, yeni iş yerlərinin və müasir müəssisələrin yaradıldığını, iqtisadiyyata investisiya qoyuluşunun artdığını, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndiyini diqqətə çatdırmışdır. Azərbaycanın fındıq istehsalının həcminə görə, dünya miqyasında Türkiyə və İtaliyadan sonra 3-cü olduğunu vurğulayan Zaur Qasımov fındıq ixracının stimullaşdırılması, bu sahədə istehsal olunan məhsulların potensial bazarlara çıxarılmasında sahibkarlara sistemli dövlət dəstəyi tədbirlərinin davam etdirildiyini qeyd etmişdir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse prezidenti Vidadi Quliyev, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GİZ) layihə rəhbəri Mark Bekmann və İstehlak Mallarının Ekspertizası Bürosunun nümayəndələri isə çıxışlarında Azərbaycanda özəl bölmənin inkişafına böyük diqqət və qayğı göstərildiyini qeyd etmiş, qeyri-neft məhsullarının xarici bazarlara çıxarılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişlər.

Tədbirdə, həmçinin Azərbaycandan fındıq, qoz, şabalıd, qurudulmuş meyvələr kimi məhsulların alınmasında maraqlı olan Almaniyanın "Schlüter&Maack" şirkətinin həmtəsisçisi Can Blase tərəfindən təqdimatlar keçirilmiş, Avropa bazarlarına, o cümlədən Almaniya bazarına məhsulun ixracı üçün əsas tələblər, keyfiyyət standartlarının tətbiqi, fındıq emalı məhsullarının rəqabətqabiliyyətinin daha da artırılması istiqamətində ixracatçılara tövsiyələr verilmişdir.

Sonda İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri sahibkarları maraqlandıran sualları cavablandırmışlar.

Tədbir iştirakçıları daha sonra "BakFem" MMC-də istehsal prosesi ilə tanış olmuşlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti