Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir A.Axundov/
Yaxın gələcəkdə Azərbaycanda adambaşına düşən gəlirlər ildə 20 min dollara çata bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda Dünya Bankının (DB) aparıcı iqtisadçısı Raşmi Şankar "Azərbaycanda orta sinif: sosial, iqtisadi, siyasi dinamika və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
"Azərbaycan artıq iqtisadi inkişaf modelini yaradıb. Bunun sayəsində yaxın gələcəkdə ölkədə adambaşına düşən gəlirlər 20 min dollara çata bilər", - Şankar qeyd edib.
Onun fikrincə, Azərbaycanda bu göstəriciyə çatmaq üçün hər cür şərait mövcuddur.
"Azərbaycanda özəl sektorun, xüsusən, kiçik və orta sahibkarlığın inkişafına, əsasən, iqtisadiyyatın qeyri-neft sektorunda yeni iş yerlərinin açılmasına böyük diqqət ayırır", - Şankar qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan əhalisinin gəlirlərinin artımı üçün iqtisadiyyatın şaxələndirilməsinə diqqət ayırmağı davam etdirmək lazımdır.
"Orta sinif sosial sahənin inkişafına, həmçinin iqtisadi və siyasi sabitliyə xidmət edən hərəkətverici qüvvədir. Orta sinif iqtisadiyyatda işə fəal cəlb edilməlidir", - Şankar vurğulayıb.
Konfransın təşkilatçısı Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və DB-dir.