...

Belarus Baş nazirinin müavini: Gəncə Avtomobil Zavodunda az müddətdə çox böyük işlər görülüb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2012 15:17 (UTC +04:00)
Gəncə Avtomobil Zavodunda az müddətdə çox böyük işlər görülüb və bu müəssisə Azərbaycan-Belarus birgə kooperativ layihələri içərisində ən uğurlarından biridir.
Belarus Baş nazirinin müavini: Gəncə Avtomobil Zavodunda az müddətdə çox böyük işlər görülüb (FOTO)

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Gəncə Avtomobil Zavodunda az müddətdə çox böyük işlər görülüb və bu müəssisə Azərbaycan-Belarus birgə kooperativ layihələri içərisində ən uğurlarından biridir. Trend-in məlumatına görə, bu barədə Gəncədə rəsmi səfərdə olan Belarus Baş nazirinin birinci müavini, Ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Vladimir Semaşko bildirib. Məlumatı Gəncə Avtomobil Zavodunun mətbuat xidməti yayıb.

Müəssisədə yığım sexləri ilə yaxından tanış olan Baş nazirin müavini "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyində istehsal olunan traktor və avtomobillərlə, eləcə də kommunal və kənd təsərrüfatında istifadə ediləcək qoşqu və qurğularla tanış olub.

Müəssisədə yaradılan şəraiti yüksək qiymətləndirən qonaq Azərbaycan-Belarus və Almaniya şirkətlərinin birgə əməkdaşlığı nəticəsində yığılan və zibil tullantılarının daşınması üçün nəzərdə tutulan avtomobilləri nəzərdən keçirdikdən sonra Gəncədə yeni layihələrin həyata keçirilməsi üçün yaxşı şəraitin olduğunu vurğulayıb. Vladimir Semaşko Belarus traktorları və avtomobillərinin yığıldığı Gəncə Avtomobil Zavodunda yeni layihənin reallaşdırılmasının vacibliyini qeyd edib.

"Traktorların yığılmasından digər kənd təsərrüfatı aqreqatları və "Belarus" traktorunun tərkibində istifadə edilən kənd təsərrüfatı texnikasının bütün kirşələrinin istehsalı ilə kompleks şəkildə istifadə etmək lazımdır. Bu səfərim zamanı həmin məsələləri yenidən müzakirə edəcəyik. Bundan başqa, əlaqələrin daha da genişləndirilməsinə, istehsal sahəsində əməkdaşlığın daha da sıx olmasına çalışacağıq", - Semaşko əlavə edib.

Vladimir Semaşko "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyində olan zaman şəhərlərarası MAZ avtobuslarının da Gəncədə yığım perspektivləri barədə söhbət aparılıb. Baş nazirin müavini müasir dizayna və rahatlığa malik avtobusların Gəncədə yığımı təklifini müsbət qarşılayıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfəri zamanı ikitərəfli əməkdaşlığın əsası hesab olunan danışıqların nəticəsi kimi "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi "Minsk Avtomobil Zavodu" ASC və "Minsk Traktor Zavodu" RUM ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Gəncə Avtomobil Zavodunda müxtəlif növ "MAZ" avtomobillərinin və "Belarus" traktorlarının yığımı davam edir. 2007-ci ilin mart ayından 1 oktyabr 2012-ci ilə qədər Gəncə Avtomobil Zavodunda 4000-ə yaxın "Belarus" traktoru və 2000-dək "MAZ" avtomobili yığılıb.

Bundan başqa, "Belaqromaş" və "Dorelektromaş" müəssisələri ilə işbirliyinin dairəsi genişlənib. Bunun nəticəsində Gəncə Avtomobil Zavodunda "Belarus" traktorlarına müxtəlif asma və qoşqu avadanlığının istehsalı təşkil olunub. 2010-cu ildən 1 oktyabr 2012-ci ilədək zavodda "Belarus" traktorlarının bazasında, ümumilikdə 34 ədəd ekskavator və asfaltkəsən texnikası, 86 ədəd müxtəlif təyinatlı kommunal texnika və 50 ədəd müxtəlif kotan və digər kənd təsərrüfatı işlərində istifadə olunan aqreqatlar istehsal olunub.

2011-ci ilin aprel ayından Bakıda "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Marketinq və servis müəssisəsi fəaliyyətə başlayıb. Burada zavodda istehsal olunan kənd təsərrüfatı texnikasının və avtomobillərin satışı həyata keçirilir, təmir və servis xidməti göstərilir. Məlumat üçün bildirək ki, Gəncə Avtomobil Zavodu istehsal etdiyi texnikaya 1 il zəmanət verir və ölkənin bütün regionlarında təminatlı təmir və keyfiyyətli servis xidməti təşkil edib. Servis mərkəzlərində səyyar təmir briqadaları fəaliyyət göstərir.

7 iyul 2011-ci il tarixində Belarusun Baş naziri Mixail Myasnikoviç Azərbaycana işgüzar səfəri çərçivəsində Gəncə Avtomobil Zavodunda olub. Otən ildə "Gəncə Avtomobil Zavodu" İB və "Minsk təkərli dartıcı zavodu" ASC arasında Gəncə zavodunda təkərli dartıcıların yığımının təşkili ilə əlaqədar əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu istiqamətdə müvafiq hazırlıq işləri aparılır.

Hazırda "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi və "Amkodor" ASC arasında yerli şəraitdə "Amkodor" məhsullarının yığım istehsalının təşkili barədə müvafiq danışıqlar aparılır.

Bundan başqa, şəhərlərarası MAZ avtobuslarının da Gəncədə yığım perspektivləri araşdırılır və bu istiqamətdə də işlər aparılır.

Məlumat üçün bildirək ki, 2010-cu ilin mart ayında Almaniyanın "Haller" və Belarusun Minsk Avtomobil Zavodu ilə Gəncə Avtomobil Zavodunda yığımdan keçən "MAZ" avtomobil şassisində "Haller"in kommunal avadanlığının quraşdırılmasına dair üçtərəfli əməkdaşlıq protokolu imzalanıb. Gəncə Avtomobil Zavodu, Minsk Avtomobil Zavodu və "Haller" şirkəti ilə birgə Azərbaycan şəraitinə uyğun müasir 21 kubmetr tutumu olan avadanlığın MAZ-6312A8 AVRO-4 və AVRO-5 şassisinin bazasında quraşdırılması barədə razılığa gəlinib. Bunun üçün zavodda yeni 7000 kvadratmetr sahəsi olan və müasir texnoloji xətt və avadanlıqlarla, o cümlədən boyama kamerası ilə təchiz olunan yığım sexi təşkil olunub. Nəzərdə tutulduğu kimi, 2011-ci ilin iyun ayından Gəncə Avtomobil Zavodunda MAZ şassisinin bazasında "Haller" kommunal texnikasının yığımı təşkil olunub. Ötən ildən bəri 24 ədəd texnika yığımdan keçib, 16 ədədin üzərində isə tamamlama işləri aparılır.

Hazırda "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyində 700-ə yaxın işçi çalışır və orta əməkhaqqı 382 manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti