...

Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 2-ci iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2012 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Bu gün Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə ticarət və investisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 2-ci iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan və Almaniya tərəfindən işçi qrupunda təmsil olunan dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Aparat rəhbəri, işçi qrupun həmsədri Samir Vəliyev Azərbaycan-Almaniya əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını, iki ölkə arasında əlaqələrin inkişafında yüksək səviyyəli rəsmi səfərlərin, aparılan danışıqların, imzalanmış sənədlərin, eləcə də biznes forum və işgüzar görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, 1997-сi ildən etibarən Azərbaycan və Almaniya arasında mütəmadi olaraq aparılan maliyyə və texniki əməkdaşlığa dair hökumətlərarası danışıqlar, 2011-ci ildə ticarət və investisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun yaradılması, maliyyə və texniki əməkdaşlıq çərçivəsində müxtəlif layihələrin reallaşdırılması, "Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan İkitərəfli Proqramı" çərçivəsində sahibkarların və gənc menecerlərin Almaniyaya ixtisasartırma kurslarına göndərilməsi iki ölkə arasında səmərəli əməkdaşlığın göstəriciləridir.

Yeni yaradılmış Almaniya-Azərbaycan Xarici Ticarət Palatası MDB məkanında ikinci belə palatadır və bu qurum ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətli olacaq. Bu gün Azərbaycanda tikinti, bank, sığorta, nəqliyyat, sənaye, rabitə və ticarət sahəsində 100-dən çox alman şirkəti fəaliyyət göstərir. Samir Vəliyev Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə məlumat verib, Azərbaycan Prezidenti tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, ÜDM-də özəl sektorun xüsusi çəkisinin 80%-i ötdüyünü, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, ölkəmizin investisiya ixracatçısına çevrildiyini vurğulayıb.

Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin Xarici iqtisadi siyasət üzrə baş direktoru, işçi qrupunun həmsədri Karl-Ernst Brauner Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 2-ci iclasında müzakirə edilən məsələlərin Almaniya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətini qeyd edib.

İclas çərçivəsində Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 1-ci iclasından ötən dövr ərzində görülmüş işlər, Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının təsis olunmasının əhəmiyyəti, iki ölkə arasında ticarət və investisiya imkanlarının artırılması məsələləri müzakirə edilib. Qeyd olunub ki, 2010-cu illə müqayisədə ötən il Almaniya ilə ticarət dövriyyəsi 2,2 dəfə artıb, bu artım dinamikası bu ilin yanvar-sentyabr aylarında da davam edib. Müzakirələr zamanı Almaniya tərəfi Azərbaycan şirkətlərini investisiya qoyuluşuna dəvət edib.

İclasda, həmçinin İKT, kənd təsərrüfatı, turizm, səhiyyə, enerji, ətraf mühitin mühafizəsi, biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması məsələlərinə dair fikir mübadiləsi aparılıb. Yüksək texnologiyaların tətbiqi, kənd turizminin inkişafı, abidələrin bərpası, azərbaycanlı tibb işçilərinin Almaniyada ixtisasartırma kurslarında iştirakı, tvinninq layihələrinin həyata keçirilməsi və s. sahələrdə əməkdaşlığın Azərbaycan və Almaniya arasında əlaqələrin genişləndirilməsində əhəmiyyəti vurğulanıb.

Tədbirdə Azərbaycanda müasir sənaye komplekslərinin və texnoparkların, o cümlədən Sumqayıt kimya sənaye və Balaxanı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, sənaye parklarında peşə təhsilinin təşkili və bu sahədə Almaniya ilə əməkdaşlıq məsələləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti