...

Dövlət Gömrük Komitəsinin sədri BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi ilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2012 16:52 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev çərşənbə günü Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda yeni rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bernardus Broek ilə görüşüb.
Dövlət Gömrük Komitəsinin sədri BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi ilə görüşüb

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev çərşənbə günü Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda yeni rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bernardus Broek ilə görüşüb.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DGK sədri Aydın Əliyev 1999-cu ilin yanvar ayından icrasına başlanılan BMT İP və Azərbaycan hökuməti arasında "Azərbaycan Dövlət Gömrük Komitəsinin potensialının gücləndirilməsi və məlumatların ötürülməsi şəbəkəsinin yaradılması" layihəsinin uğurla davam etdiyini xatırladıb, bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışıb. Komitə sədri Azərbaycan gömrük xidmətinin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı həyata keçirdiyi işlərin real nəticələrlə müşahidə olunduğunu bildirib.

Birgə gerçəkləşdirilən layihələri bütövlükdə BMT İnkişaf Proqramının Dövlət Gömruk Komitəsinə xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirən Əliyev avtomatlaşdırılmış sistemin informasiya mübadiləsinə və məlumatların operativ surətdə sərhəddən mərkəzə çatdırılmasına münbit şərait yaratdığını, gömrük prosedurlarının və potensialının gücləndirilməsi üzrə planlaşdırılan fəaliyyətin inkişafına layiqli töhfə verdiyini xüsusi olaraq vurğulayıb. Komitə sədri əməkdaşlığın daha bir təzahürü kimi "Azərbaycanda gömrük xidmətinin təkmilləşdirilməsi" layihəsi barədə də danışıb, ləyihənin gerçəkləşdirilməsində BMT İnkişaf Proqramının xidmətlərini yüksək qiymətləndirib, artıq bu istiqamətdə hazırlanmış yeni Gömrük Məcəlləsinin qəbul olunduğunu diqqətə çatdırıb.

DGK sədri Aydın Əliyev bu yaxınlarda BMT İnkişaf Proqramı tərəfindən "Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək" layihəsi çərçivəsində Azərbaycan Dövlət Gömrük Komitəsinə elektron gömrük xidmətlərini təmin edən 18 ədəd informasiya köşkünün təqdim olunmasını bu iki qurum arasında mövcud əməkdaşlığın daha bir təzahürü kimi dəyərləndirib. İstər fiskal funksiyanın yerinə yetirilməsində, gömrük nəzarətinin təşkilində, istərsə də qaçaqmalçılıq və gömrük hüquqpozmalarına qarşı mübarizədə müstəqil Azərbaycanın gömrük orqanlarının rolundan bəhs edən Aydın Əliyev gömrük xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məsələlərinə də toxunub və qeyd edib ki, hazırda bütün gömrük keçid məntəqələri yenidən qurulub və istifadəyə verilib. Bu işlərdən sonra Azərbaycan sərhədlərində bütün mal və nəqliyyat vasitələri sadələşdirilmış qaydada gömrük nəzarətindən keçir ki, bu da ticarətin asanlaşdırılması və təhlükəsizliyi işinə öz töhfəsini verir.

Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda yeni rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bernardus Broek müstəqil Azərbaycanın gömrük orqanlarının inkişaf tendensiyasından razılığını ifadə edib, BMT İnkişaf Proqramı ilə gömrük xidməti arasında əməkdaşlığı yüksək qiymətləndirib. BMT İnkişaf Proqramının Azərbaycan gömrük xidmətinə yardımını bundan sonra da əsirgəməyəcəyini bildirən qonaq, ümumiyyətlə, mövcud olan sıx və səmərəli münasibətlərin daimi olacağına əminliyini ifadə edib, kadr potensialının gücləndirilməsi istiqamətində BMT İnkişaf Proqramı ilə DGK arasında əlaqələrin gələcək perspektivlərindən bəhs edib.

"Görüşdə Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək" proqramının rəhbəri Məzahir Əfəndiyev də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti