Azərbaycan, Bakı, 5 dekabr /Trend/
Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin nüfuzlu ixtisaslaşmış qurumlarından olan Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin Londonda keçirilən 91-ci sessiyasında iştirak edib.
Administrasiyadan Trend-ə verilən məlumata görə, sessiyada "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya"ya, "Yanğın təhlükəsizliyi sistemləri üzrə Beynəlxalq Məcəllə"yə və "Təhlükəli kimyəvi maddələri qalama üsulu ilə daşıyan gəmilərin inşası və təminatı üzrə Beynəlxalq Məcəllə"yə edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər üzrə müzakirələr aparılıb.
Dəniz Təhlükəsizliyi Komitəsinin iclasında çıxış edən Beynəlxalq Dəniz Təşkilatının baş katibi Koji Sekimizu üzv dövlətlərin diqqətini son dövrlərdə beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər, bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsi ilə görülmüş işlərə yönəldib və nümayəndə heyətləri tərəfindən hazırda dəniz quldurları tərəfindən əsirlikdə saxlanılan dənizçilərin vəziyyəti, onların və gəmilərin azad olunması üçün həyata keçirilən tədbirlərin gücləndirilməsi üzrə müzakirələr aparılıb.
Bununla yanaşı, Sekimizu çıxışında bildirib ki, 2012-ci ilin avqust ayının sonunadək olan dövr ərzində Beynəlxalq Dəniz Təşkilatının Katibliyinə gəmilərə qarşı həyata keçirilmiş 247 quldurluq və silahlı basqın halı barədə məlumat daxil olub. Bu göstərici 2011-ci ilin həmin dövrü ilə müqayisədə 42 faiz azlıq təşkil edib. Qeyd olunan quldurluq və silahlı basqın hallarının 40 faizi, yəni 91 hadisə Şərqi Afrika və Ərəb dənizində Somali dəniz quldurları tərəfindən törədilib və bütün bu göstəricilər gəmilərə qarşı quldurluq və silahlı basqın hallarının qarşısının alınması məqsədi ilə daha səmərəli addımların atılmasının tələb olunduğunun bariz nümunəsidir.
Eyni zamanda, Komitənin iclasında dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartların müəyyən edilməsi, dövlət bayraq nəzarəti, radioəlaqə, dənizdə həyata keçirilən axtarış və xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, naviqasiya təhlükəsizliyi, yanğından mühafizə, təhlükəli maddələrin, bərk yüklərin və konteynerlərin daşınması, nəqliyyat gəmilərinin davamlılığı, yük nişanı, maye yüklərin və qazların təhlükəsiz daşınması, "Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair" Beynəlxalq Konvensiyanın tətbiqi və s. kimi məsələlərlə əlaqədar müzakirələr aparılıb.
Sessiya zamanı yekdilliklə B.Hold (Danimarka) yenidən 2013-cü il üçün Dəniz Təhlükəsizliyi Komitəsinin sədri, M.Seqar (Sinqapur) isə sədr müavini seçilib.