Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir C.Nəsibova/
Bu ilin ötən dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 2327 investisiya layihəsinin maliyyələşdirilməsinə 209 milyon manatdan çox güzəştli kredit verilib. Trend-in məlumatına görə, bu barədə cümə günü Qobustan rayonunda İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən növbəti tədbiri zamanı fondun icraçı direktoru Şirzad Abdullayev bildirib.
"Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 8800-dək yeni iş yerinin yaradılmasına imkan verir", - Abdullayev deyib.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Qobustan və ətraf rayonlarda fəaliyyət göstərən 50 sahibkarlıq subyektinə 443 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 70-dən cox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Abdullayev həmçinin qeyd edib ki, Dağlıq Şirvan iqtisadi rayonunda indiyədək 783 sahibkara 24,2 milyon, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 11 layihənin maliyyələşdirilməsinə 11,1 milyon manat güzəştli kredit verilib.
Tədbirdə 100-ə yaxın sahibkar iştirak edib.
2012-ci ildə Milli Fondun planlarına 200 milyon manat məbləğində kreditlərin verilməsi daxildir ki, bunun 110 milyon manatı kreditlərin qaytarılmasının hesabına təmin ediləcək.