Azərbaycan, Bakı, 21 dekabr /Trend/
Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Dünya Bankının Azərbaycan üzrə meneceri xanım Larisa Leşçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşün məqsədi Azərbaycan hökuməti ilə Dünya Bankı arasında aqrar sahədə əməkdaşlıq əlaqələrinin perspektivlərinin və gələcəkdə yeni layihələrin müzakirəsi olub.
Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, Abasov Dünya Bankı tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin verdiyi səmərəni yüksək qiymətləndirdiyini və bu layihələrin ölkəmizdə aqrar sektorun inkişafına böyük təkan verdiyini qonaqların diqqətinə çatdırıb, Azərbaycan ilə Dünya Bankı arasında kənd təsərrüfatı sektoru üzrə əməkdaşlığa 1996-cı ildən başlanıldığnı xatırladıb. Bu zaman "Təsərrüfatların özəlləşdirilməsi" layihəsi tətbiq olunmağa başlanıb. Layihə 2001-ci ildə tamamlanıb. Layihənin maliyyələşdirilməsində eyni zamanda İFAD təşkilatı da iştirak edib.
Layihə həyata keçirilən dövrdə, yəni 1998-ci ildə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında üç mərhələli "Uyğunlaşdırılmış kredit proqramı" razılaşdırılıb. Proqramın icrası olaraq 2000-2006-cı illərdə "I Kənd təsərrüfatının inkişafı və kreditləşməsi" layihəsi və 2006-2012-ci illərdə "II Kənd təsərrüfatının inkişafı və kreditləşməsi" layihəsi uğurla həyata keçirilib. Proqram üzrə nəzərdə tutulan layihələrlə yanaşı, 2006-2009-cu illərdə "İnstitusional inkişafa dəstək layihəsi" restrukturizasiya olunub və onun qalıq vəsaitləri hesabına "Yüksək patogenli quş qripinə hazırlıq" layihəsi yaradılıb. 2005-2008-ci illərdə "Kənd investisiya layihəsi"nin icrasına başlanıb, 2009-cu ildə həmin layihəyə əlavə vəsait cəlb edilib. Layihənin nəticəsi yüksək qiymətləndirilib və 2012-2017-ci illərdə icrası nəzərdə tutulan "II Kənd investisiya layihəsi" bu gün həyata keçirilməkdədir.
Nazir uğurlu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini bildirib. Belə ki, hazırda "Uyğunlaşdırılmış kredit proqramı"nın son mərhələsi olan "III Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi" layihəsinin hazırlıq işləri tamamlanmaq üzrədir. İsmət Abasov Kənd Təsərrüfatı Nazirliyinin layihənin qəbul edilməsinin dəstəklənməsinə hazır olduğunu bir daha bildirib.
Dünya Bankının ölkə üzrə meneceri xanım Larisa Leşçenko fəaliyyəti dövründə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əlaqələrin daha da inkişaf etdirilməsində öz səylərini əsirgəməyəcəyini söyləyib.