...

Azərbaycanın qiymətli kağızlar bazarının ticarət dövriyyəsinin qeyri-neft ÜDM-nə nisbəti 37 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2013 16:42 (UTC +04:00)
2012-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarı ötən il ilə müqayisədə 6 faiz artaraq 9,4 milyard manat təşkil edib.
Azərbaycanın qiymətli kağızlar bazarının ticarət dövriyyəsinin qeyri-neft ÜDM-nə nisbəti 37 faiz təşkil edib

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

2012-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarı ötən il ilə müqayisədə 6 faiz artaraq 9,4 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2012-ci il üzrə fəaliyyət hesabatında deyilir.

"2012-ci il ərzində qiymətli kağızlar bazarı fəaliyyətini kapital bazarlarından maliyyələşmə templərinin artımı və inflyasiyanın bir rəqəmli səviyyədə saxlanılması siyasəti fonunda davam etdirib. Nəticə etibarilə, qiymətli kağızlar bazarının ticarət dövriyyəsinin qeyri-neft ÜDM-nə nisbəti cari ilin 11 ayı ərzində 37 faiz təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 5 faiz bəndi çoxdur", - hesabatda qeyd olunur.

2012-ci il ərzində Mərkəzi Bankın notları bazarı, eləcə də onlarla aparılan repo əməliyyatlarının artımı nəticəsində bütövlükdə dövlət qiymətli kağızları bazarında artım müşahidə olunub. Belə ki, hesabat ili ərzində dövlət qiymətli kağızları bazarı ötən il ilə müqayisədə 20 faiz artaraq 8,1 milyard manat təşkil edib.

Hesabat dövrü ərzində Mərkəzi Bankın qiymət stabilliyinin qorunub saxlanması funksiyası çərçivəsində həyata keçirdiyi sterilizasiya əməliyyatları notlar və onlarla aparılan repo əməliyyatlarının dinamikasında özünü qabarıq şəkildə büruzə verib. Belə ki, 2012-ci il ərzində Mərkəzi Bankın notlarının ilkin bazarı ötən il ilə müqayisədə 34 faiz, təkrar bazarı isə 17 dəfə artıb ki, bu da ümumilikdə not bazarının 63 faiz artaraq 1 milyard manata çatması ilə nəticələnib. Bununla yanaşı, Mərkəzi Bankın notları ilə keçirilmiş repo/əks-repo əməliyyatlarının həcmi hesabat dövründə 19 faiz artaraq 6,8 milyard manat təşkil edib.

"2012-ci ilin əvvəlindən ilin ortalarına qədər Maliyyə Nazirliyinin konservativ borclanma siyasətinə üstünlük verməsinə baxmayaraq, bu tendensiya hesabat ilinin ikinci yarısından bəri dəyişib. Belə ki, hesabat ilinin iyul-dekabr ayları ərzində Maliyyə Nazirliyi tərəfindən dövlət istiqrazları vasitəsi ilə bazardan cəlb edilmiş vəsaitlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 62,5 faiz, bazarın bütövlükdə həcmi isə 50,6 faiz artaraq 130,4 milyon manat təşkil edib", - hesabatda deyilir.

Hesabat dövründə özəl sektoru təmsil edən şirkətlərin səhm bazarından maliyyələşmə təşəbbüslərində canlanma müşahidə olub. Belə ki, 2012-ci ildə özəl sektorun səhm bazarından cəlb etdiyi vəsaitlərin həcmi əvvəlki il ilə müqayisədə 24,4 faiz artaraq 186,4 milyon manat təşkil edib. Eyni zamanda, səhmlərin təkrar bazarında aktivliyin artması bazarın bu seqmentinin 2 dəfə artmasına təkan verib. Lakin 2011-ci ilin sonuncu ayında iri dövlət müəssisəsi tərəfindən səhm bazarında 824,6 milyon manat həcmində (səhm bazarının 80 faizi) yerləşdirmənin həyata keçirilməsi ötən illə müqayisədə hesabat dövründə səhm bazarının bütövlükdə nisbi azalmasına səbəb olub. 2012-ci ildə səhm bazarının həcmi əvvəlki il ilə müqayisədə 42 faiz azalaraq 599,3 milyon manat təşkil edib.

Hesabat dövründə korporativ istiqrazların ilkin bazarının ənənəvi olaraq böyük hissəsini təşkil edən, təkrar bazarda isə yüksək likvidliyi ilə seçilən Azərbaycan İpoteka Fondunun (AİF) istiqrazları ilə əməliyyatların həcminin azalması bütövlükdə korporativ borc bazarının dinamikasına mənfi təsir edib. Belə ki, dövr ərzində AİF tərəfindən emissiya olunan istiqrazların həcmi 12,5 faiz, ilkin bazarı 53 faiz, təkrar bazarı isə 42 faiz azalıb. Nəticədə korporativ istiqrazların ilkin bazarında əqdlərin həcmi 38 faiz, təkrar bazarında isə 31 faiz azalıb və bazarın bu seqmenti bütövlükdə 35 faiz geriləyərək 729,4 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti