Azərbaycan, Bakı, 17 may /Trend, müxbir A. Axundov/
Azərbaycan və Avropa İttifaqı (Aİ) bu ilin noyabrında viza rejiminin sadələşdirilməsi barədə saziş imzalamağa hazırlaşırlar. Bu barədə cümə günü Trend-ə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan və Aİ danşıqları mayın sonunadək başa çatdırmaq və sazişi noyabrın 28-29-da Vilnüsdə keçiriləcək "Şərq tərəfdaşlığı" dövlətlərinin üçüncü sammiti zamanı imzalamaq niyyətindədirlər.
Bu məsələ üzrə danışıqların sonuncu raundu martın 11-12-də Brüsseldə baş tutub.
Məmmədquliyev qeyd edib ki, danışıqların növbəti raundunun keçirilməməsi ehtimalı var, çünki qalan məsələləri müasir texnologiyalardan istifadə etmək yolu ilə həll etmək mümkündür:
"Demək olar ki, bir çox məsələlər artıq həll edilib, bir-iki xırda məsələ qalıb. Onları artıq yaxın vaxtlarda həll edəcəyik. Bəzi prosedurları həyata keçirdikdən sonra noyabrda keçiriləcək Vilnüs sammiti zamanı imzalamağı planlaşdırırıq".
Onun sözlərinə görə, sadələşdirilmiş rejim saziş imzalandıqdan və qüvvəyə mindikdən dərhal sonra tətbiq ediləcək.