...

Bakı-Moskva marşrutu üzrə dəmiryol reyslərinin sayı artırıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2013 17:36 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC Ukraynaya əsaslı təmirə göndərilmiş sərnişin vaqonlarının Bakıya qaytarılmasından sonra Bakı-Moskva üzrə hərəkət edən müvafiq vaqonların hərəkətini tamamilə bərpa etmək niyyətindədir.
Bakı-Moskva marşrutu üzrə dəmiryol reyslərinin sayı artırıla bilər

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Dəmir Yolları" QSC Ukraynaya əsaslı təmirə göndərilmiş sərnişin vaqonlarının Bakıya qaytarılmasından sonra Bakı-Moskva üzrə hərəkət edən müvafiq vaqonların hərəkətini tamamilə bərpa etmək niyyətindədir. Bu barədə Trend-ə çərşənbə günü QSC-nin mətbuat katibi Nadir Əzməmmədov bildirib.

Daha əvvəl Azərbaycanda sərnişin vaqonlarının əsaslı təmiri texnologiyası olmadığından QSC-nin 50 vaqonu Ukraynaya təmirə göndərilib. Təmir üçün göndərilən 50 sərnişin vaqonundan 30-u artıq ölkəyə gətirilib, qalan 20 vaqonun isə avqustun sonuna kimi ölkəyə qaytarılması nəzərdə tutulub.

Əzməmmədov bildirib ki, hazırda Bakı-Moskva marşrutu üzrə reyslər bazar ertəsi, çərşənbə və cümə günü olmaqla həftədə üç dəfə həyata keçirilir: "Əgər indi həftədə hər üç reys "Rusiya Dəmir Yolları"nın vaqonları ilə həyata keçirilirsə, qatarların hərəkətinin yay qrafiki qüvvəyə minəndən sonra (26 may) çərşənbə günü icra olunan reys QSC-nin qatarları tərəfindən həyata keçiriləcək. Müvafiq olaraq, bu marşrut üzrə həftədə iki dəfə Rusiya, bir dəfə isə bizim vaqonlar hərəkət edəcək".

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, yay mövsümündə böyük sərnişin axını olduğu təqdirdə, Bakı-Moskva marşrutu üzrə QSC-nin vaqonları tərəfindən həyata keçiriləcək dördüncü reysin işə salınması imkanı da var.

Əzməmmədov deyib: "Böyük sərnişin axını olduğu təqdirdə, QSC-nin vaqonları tərəfindən həyata keçiriləcək əlavə reys də buraxıla bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti