Azərbaycan, Bakı, 29 may /Trend/
Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Bakıda səfərdə olan Kanadanın Alberta vilayətinin Kənd Təsərrüfatı və Regionların İnkişafı Nazirliyinin Ticarətin İnkişafı və Beynəlxalq Əlaqələr Departamentinin nümayəndəsi Grand Vintonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, ölkəmizin iştirakçısı olduğu irimiqyaslı regional layihələr və AZPROMO-nun fəaliyyəti barədə məlumat verib.
Vinton ölkəsində Azərbaycan iqtisadiyyatına böyük maraq göstərildiyini, Azərbaycan-Kanada iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb.
Görüş çərçivəsində Kanadanın kənd təsərrüfatı sahəsində, o cümlədən heyvandarlıq, kənd təsərrüfatı avadanlıqlarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən şirkətlərinin təqdimatları dinlənilib.
Tədbir zamanı Azərbaycanın investisiya imkanları barədə müzakirələr aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb və AZPROMO tərəfindən ölkəmizdə biznes fəaliyyətinin təşkili ilə bağlı müvafiq dəstəyin göstəriləcəyi bildirilib.
Tədbirin sonunda iş adamları arasında ikitərəfli görüşlər keçirilib.