Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir E.Əliyev/
Dövlət Sosial Müdafiə Fondu hər bir şəxs üzrə fərdi məlumatların öz sahibinə xüsusi məktublarla çatdırılması sisteminin tətbiqinə başlayıb.
Trend-in məlumatına görə, çərşənbə axşamı keçirilən brifinqdə Dövlət Fondunun sədri Səlim Müslümov bildirib: "Bu gün 2 milyon 580 min nəfərdən çox şəxsə fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb. Belə ki, bu gün işə salınan sistem sayəsində onlardan hər biri öz şəxsi hesabları barədə yazılı xəbərdarlıq alacaq".
Onun sözlərinə görə, hər bir sığorta olunan vətəndaş DSMF-nin saytında yerləşən analoji elektron xidmətdən istifadə edə bilər və onun işəgötürəni tərəfindən həyata keçirilən aylıq ödəmələrin miqdarına nəzarət edə bilər.
Müslümov bildirib: "Biz fondun elektron xidmətlərinin inkişafını və onların istifadəçilərinin sayının artırılmasını hər cür dəstəkləyir və alqışlayırıq. Eyni zamanda bilirik ki, fərdi hesabı olanların heç də hamısı onlardan istifadə etmir, elə buna görə də bu sistemi işə saldıq. Bütün proses son avadanlıqların istifadəsi ilə avtomatik şəkildə həyata keçirilir. Onun sayəsində gündəlik olaraq 38 min məktub çap olunur ki, bu da ay ərzində təxminən 760 min məktub göndərməyə imkan verir".
DSMF sədrinin sözlərinə görə, gələcəkdə məktubların göndərilmə intervalı azaldılacaq: "Bu gün vətəndaşlar fərdi hesablar haqqında xüsusi məktubları ildə bir dəfə - indiki halda 1 yanvar 2013-cü il tarixinə olan məlumatları - əldə edəcəklər. Gələcəkdə, sistemin inkişafı ilə əlaqədar olaraq, məktubların altı ayda bir dəfə, perspektivdə isə rübdə bir dəfə göndərilməsi nəzərdə tutulub. Bu, vətəndaşlara öz pensiya kapitalına daha operativ nəzarət etməyə imkan verəcək, prosesin şəffaflığını artıracaq, o cümlədən vətəndaşlara işəgötürənlər üzərində nəzarət (lazımi ödəmələrin dəqiq və operativliyi ilə bağlı) etməyə imkan verəcək.