...

Vahid Əhmədov: Azərbaycanda regional inkişaf üzrə dövlət proqramları sahibkarlığın inkişafı üçün vacibdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2013 20:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycanda regional inkişaf üzrə dövlət proqramlarının həyata keçirilməsi sahibkarlığın inkişafında vacib rol oynayır. Bunu cümə günü Trend-ə Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

Əhmədov bildirib: "2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki dövlət proqramı çərçivəsində böyük miqyasda iş görülüb. Bu işlər, əsasən, elektrik enerjisi, qaz və su təchizatının yaxşılaşdırılması sahəsində infrastruktur layihələrlə bağlı olub".

Onun sözlərinə görə, bu işlər sahibkarlığın inkişafı üçün böyük əhəmiyyət kəsb edir, bu infrastruktur biznesin inkişafı üçün lazımdır: "Yaxşı olardı ki, üçüncü layihə daha çox regionların mərkəzləri və digər şəhərlər, qəsəbələr arasında yolların çəkilməsinə, yeni iş yerlərinin açılmasına, sahibkarlığın, emal sənayesinin və kənd təsərrüfatının inkişafına ayrılsın".

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bəyan etmişdi ki, gələn il yeni, regional inkişaf üzrə üçüncü dövlət proqramı qəbul ediləcək. Növbəti proqram 2014-2018-ci illəri əhatə edəcək.

Prezident bildirib ki, regional inkişaf üzrə ikinci dövlət proqramı bu il başa çatır: "Bu proqram artıqlaması ilə yerinə yetirilibdir. Eyni zamanda, "Bakının və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı" Dövlət Proqramı icra edilir. Bu proqram nəticəsində Bakıətrafı qəsəbələrdə çox böyük işlər görülür, işlər davam etdirilir. Proqram bu ilin sonuna qədər başa çatmalıdır. Əlbəttə ki, ondan sonrakı illərdə də biz bu məsələyə daim diqqət göstərəcəyik".

Nazirlər Kabinetinin iclasında həmçinin qeyd edilib ki, artıq 2014-cü ilin dövlət büdcəsinin hazırlanması üzrə işlər aparılır. Millət vəkilinin fikrincə, son illər olduğu kimi, büdcənin əsas istiqamətləri investisiya və sosial yönümlü layihələr olacaq.

Əhmədov bildirib ki, son illər dövlət büdcəsi iki əsas istiqaməti - investisiya və sosial yönümlü layihələrin həyata keçirilməsini əhatə edir: "2012 və 2013-cü illərdə dövlət büdcəsinin xərclərinin təqribən 30-35 faizi investisiya layihələrinə, 30-35 faizi sosial yönümlü layihələrə ayrılıb. Fikrimcə, növbəti büdcə də bu istiqamətləri əhatə edəcək, yəni həmin istiqamətlərin payına dövlət büdcəsinin xərclərinin təqribən 65-70 faizi düşəcək. Bundan əlavə, dövlət büdcəsindən maliyyələşən strukturların əməkdaşlarının əməkhaqlarının artırılması prosesinin davam etdirilməsi vacib istiqamət olmalıdır".

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında çıxışı zamanı qeyd etmişdi ki, bu altı ay ərzində ölkədə maaşlar artıb: "Bu gün Azərbaycanda orta əməkhaqqı 520 dollar səviyyəsindədir. Orta pensiya 200 dollar səviyyəsindədir. Gələn illərdə bu rəqəmlər artacaqdır. Bu rübdə vətəndaşların pensiyaları da, əməkhaqları da artırılacaqdır. Gələn illərdə də eyni siyasət aparılacaqdır. Bir daha demək istəyirəm ki, iqtisadi islahatlar çox güclü sosial siyasətlə dəstəklənməlidir. Hesab edirəm ki, ölkəmizin bu sahədə əldə etdiyi uğurlar nümunə ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti