...

IFC Azərbaycanda enerji səmərəliliyi sahəsində ilk kredit müqaviləsini bağlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2013 14:35 (UTC +04:00)
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) enerji səmərəliliyi sahəsində layihələrin maliyyələşdirilməsi üçün 15 milyon dollar həcmində kreditin ayrılmasına dair "Bank Respublika" ilə müqavilə bağlayıb.
IFC Azərbaycanda enerji səmərəliliyi sahəsində ilk kredit müqaviləsini bağlayıb

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ. Xəlilova/

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) enerji səmərəliliyi sahəsində layihələrin maliyyələşdirilməsi üçün 15 milyon dollar həcmində kreditin ayrılmasına dair "Bank Respublika" ilə müqavilə bağlayıb.

IFC-nin Bakı ofisindən bazar ertəsi Trend-ə verilən məlumata görə, IFC inkişaf edən enerji səmərəliliyi maliyyəsi sahəsində yeni məhsulların yaradılmasında banka yardım edəcək. IFC həmçinin enerji səmərəliliyi layihələrinin qiymətləndirilməsi və bazardakı yeni imkanlar haqqında məlumatlılığın artırılması üzrə bank heyəti üçün təlimlər keçirəcək.

15 milyon manat məbləğində kredit IFC-nin Azərbaycanda bu sahədə ilk layihəsidir. Hazırkı layihə Avstriyanın Maliyyə Nazirliyi tərəfindən dəstəklənən IFC-nin Avropa və Mərkəzi Asiyada Davamlı Enerji Maliyyəsi Proqramının bir hissəsidir.

15 milyon manat kredit xəttindən 14 milyonunu IFC ayıracaq, 1 milyon dollar isə Kanadanın iqlim dəyişiklikləri üzrə proqramı çərçivəsində (Canada Climate Change Program) cəlb ediləcək.

"Bank Respublika" ASC-nin İdarə Heyətinin sədri Xədicə Həsənova qeyd edib ki, bank 2007-ci ildən etibarən IFC ilə müsbət iş təcrübəsinə malikdir: "Biz xüsusilə bu yeni sahədə işbirliyi qurmağa maraqlıyıq, çünki bu əməkdaşlıq bizə bazara yeni bank məhsullarını təqdim etməyə imkan verə bilər. Hesab edirik ki, bu da öz növbəsində, müştərilər arasında enerji səmərəliliyi haqqında məlumatlılığı artırmağa xidmət edəcək".

IFC-nin Azərbaycandakı daimi nümayəndəsi Aliyə Əzimova söyləyib: "Enerji səmərəliliyinin təşviqi IFC-nin iqlim dəyişikliyinə təsir etmək strategiyasının tərkib hissəsidir. "Bank Respublika" ilə bu sahədə əməkdaşlıq edərək nümayiş etdirməyə çalışırıq ki, enerjidən dayanıqlı istifadənin maliyyələşdirilməsi həm maliyyə təsisatları, həm onlardan borc alanlar üçün uğurlu bir biznesdir. Bu da müasir texnologiyaları tətbiq etmək, enerji məsrəflərini azaltmaq, səmərəliliyi yaxşılaşdırmaq və rəqabətliliyi xeyli artırmaq imkanları açır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti