Azərbaycan, Bakı, 31 iyul /Trend/
"Unibank" daha bir beynəlxalq əməkdaşlıq layihəsinə imza atdı. Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, "Unibank" KB ASC ilə İslam İnkişaf Korporasiyası (ICD) arasında imzalanan sazişə əsasən, korporasiya tərəfindən 13 milyon ABŞ dolları həcmində növbəti kredit xətti açılıb. 4 il müddətinə ayrılan vəsaitin lizinq əməliyyatlarının maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır. İlin sonunadək "Unibank"la İslam İnkişaf Korporasiyası arasında daha bir əməkdaşlıq sazişinin imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, bu beynəlxalq qurum tərəfindən "Unibank"a ayrılan ikinci kredit xəttidir. 2004-cü ildə ayrılan 1,7 mln. ABŞ dolları həcmində vəsait, "Unibank" tərəfindən kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönəldilib.
Ötən ay isə "Unibank"la Qara Dəniz Ticarət və İnkişaf Bankı və Almaniyanın nüfuzlu DEG İnvestisiya Korporasiyası arasında növbəti kredit sazişləri imzalanıb.
"Unibank" KB ASC 15 oktyabr 2002-ci il tarixində Azərbaycanın iki qabaqcıl kommersiya bankının - MBANK (1992) və PROMTEXBANK-ın (1994) birləşməsi nəticəsində yaranıb. 2003-cü ildə Bankın səhmdarları sırasına (15,15% payla) Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG şirkəti (8,33% payla) daxil olub. Azərbaycanın bank sektorunda ən uğurlu konsolidasiya nümunəsi olan "Unibank" 20 ildən artıq fəaliyyəti dövründə nüfuzlu təşkilatlar tərəfindən biznesin uğurlu inkişafına və yüksək idarəetmə səviyyəsinə görə, müxtəlif mükafatlara layiq görülüb.
2012-ci ildəki uğurlu fəaliyyətinə görə, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Unibank" ASC-nin uzunmüddətli reytinqini yenidən "B" səviyyəsində təsdiqləyib. Beynəlxalq "Moody's Investors Service" reytinq agentliyi də "Unibank"ın xarici və milli valyutada öhdəlikləri üzrə uzunmüddətli reytinqini "B2" səviyyəsində təsdiqləyib.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.