Azərbaycan, Bakı, 3 avqust /Trend/
2013-cü ilin yanvar-iyun aylarında statistik məlumatlara əsasən, Azərbaycanın xarici ticarət dövriyyəsi 21,6 milyard ABŞ dolları təşkil edib, onun 16,4 milyard dollarlıq hissəsi ixracın, 5,2 milyard dollarlıq hissəsi idxalın hesabına yaranıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu dövr ərzində dünyanın 137 ölkəsi ilə ticarət əlaqəsi aparılıb, 93 ölkəyə əmtəə ixrac olunub, 126 ölkədən idxal olunub. Xarici ticarət dövriyyəsi iştirakçılarının 27-si Amerika, 49-u Avropa, 36-sı Asiya və s. ölkələridir.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib.
Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 13,5 faiz artıb.