Azərbaycan, Bakı, 16 avqust /Trend/
Avqustun 16-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Goranboy rayonunun Qızılhacılı qəsəbəsində keçirib. Tədbirdə Goranboy və ətraf rayonlarda fəaliyyət göstərən 120-ə yaxın sahibkar iştirak edib. Bu barədə Trend-ə cümə günü nazirlikdən daxil olan məlumatda deyilir.
Tədbirdən əvvəl Goranboy rayonunun Qızılhacılı qəsəbəsində və Ballıqaya kəndində Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit ayrılmış pambıqçılıq təsərrüfatlarına baxış keçirilib.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Goranboy rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və Fond tərəfindən prioritet hesab olunan müasir heyvandarlıq kompleksinin, kiçik və orta həcmli istixana, pambıqçılıq və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Tədbirdə çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son illər regionların sürətlə inkişaf etdiyini, dövlət başçısının diqqət və qayğısı nəticəsində məşğulluq səviyyəsinin yüksəldiyini bildirmişdir. Qeyd olunub ki, ölkəmizin bütün regionlarında olduğu kimi, Goranboyda da yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılır, yeni iş yerləri açılır. Hazırda bu sahədə işlər davam etdirilir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Gəncə-Qazax regional bölməsinin müdir müavini Orxan İbrahimov qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması nəticəsində ölkənin davamlı sosial-iqtisadi inkişafına nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Goranboy rayonunda həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat veriblər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, bu ilin ötən dövrü ərzində 2753 investisiya layihəsinin maliyyələşdirilməsinə 211,9 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 8500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. İndiyədək (bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla) Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3200-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 119,9 milyon manat güzəştli kredit verilib.
Tədbirin sonunda Goranboy rayonu və ətraf rayonlarda fəaliyyət göstərən 48 sahibkar 2,9 milyon manat güzəştli kredit alıb. Verilmiş kreditlər əsasən, heyvandarlıq, pambıqçılıq, çörək istehsalı, quşçuluq, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlər hesabına 120-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.