...

Benzin və dizel yanacağının müasir alternativləri

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2013 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Bütün dünyada ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün dövlətlər tərəfindən göstərilən qayğı dünyada alternativ yanacaq növlərinə marağın yaranmasına səbəb olmuşdur. Məqsəd ondan ibarətdir ki, atmosferdə sağlamlıq üçün zərərli birləşmələrin əmələ gəlməsinə, havanın çirklənməsinə və eyni zamanda qlobal istiləşməyə səbəb olan karbon dioksid qazlarının tullantısının azaldılmasına nail olunsun. Enerji müstəqilliyi əldə etmək istəyən ölkələrin əksəriyyəti üçün alternativ yanacaq növlərinin tədarük edilməsi mühüm məqsədlərdən biridir. ABŞ-ın 1992-ci ildə qəbul olunmuş "Energetika sahəsində siyasət haqqında" Qanunu çərçivəsində, səkkiz adda alternativ yanacaq növü müəyyən edilmişdir.

Propan - Mayeləşdirilmiş neft qazı, əsasən, təbii qazın və neftin emalından alınan əlavə məhsuldur. Öz təbii halında o, tərkibi 90 faiz propandan, 2,5 faiz butandan və ali karbohidrogenlərdən, qalan hissəsi isə etan və propilendən ibarət olan rəngsiz, qeyri-toksik qazdır. Benzinlə müqayisədə propan karbon qazının, karbon oksidinin və digər zəhərli qazların tullantılarının miqdarını azalda bilər. ABŞ-da propan nəqliyyat yanacağı kimi 40-cı illərdən istifadə olunur. Son zamanlarda avtomobil istehsalçıları propan əsasında işləyən və həm propan, həm də benzinlə işləməyə imkan verən iki ayrı yanacaq sistemi ilə təchiz edilmiş minik və orta yükgötürmə qabiliyyətli nəqliyyat vasitələrinin geniş çeşidini təklif edirlər.

Metanol sürücülərə verdiyi yüksək məhsuldarlığı və təhlükəsizliyi ilə bir sıra üstünlüklərə malikdir. Nəqliyyat vasitələrində, bir qayda olaraq, tərkibi 85 faiz metanoldan və 15 faiz etilləşdirilməmiş benzindən ibarət olan M85 yanacağından istifadə olunur. Həmçinin, metanol dizel yanacağının əvəzi kimi istifadə oluna bilən M100 şəklində də təklif edilir.

Maraqlıdır ki, metanolu seçən avtomobillərin əksəriyyəti çoxyanacaqlı mühərrikli avtomobillərdir. Bu o deməkdir ki, belə avtomobillər lazım olan hallarda metanol əvəzinə 100 faiz benzindən istifadə edə bilər. Metanol çox zəif iyli rəngsiz, dadsız mayedir. O, benzin kimi saxlanılır və emal olunur. Hal-hazırda metanol təbii qazdan istehsal olunsa da, onu müxtəlif bərpa olunan mənbələrdən də almaq olar, məsələn, ağac, kömür və biokütlədən. Metanolun üstün cəhətləri tullantı qazlarının səviyyəsinin az olması, daha yüksək məhsuldarlığı və benzinlə müqayisədə alışma riskinin daha aşağı olmasıdır. Metanol hidrogenə asanlıqla çevrilə bildiyinə görə metanoldan hidrogen yanacağının mənbəyi kimi istifadə etməyə cəhdlər göstərilir.

Dünyada ən iri enerji istehlakçılarından olan Kaliforniya ştatı neft əsaslı yanacağı əvəz etmək üçün ən yaxşı namizəd kimi metanolu üstün tutduğunu açıq-aydın nümayiş etdirir.

Etanol spirt əsaslı maye olub, qarğıdalı, arpa və ya buğda kimi bitkilərin qıcqırdılması və distillə edilməsi yolu ilə istehsal olunur, oktan ədədinin artırılması və tullantıların keyfiyyətinin yüksəldilməsi məqsədi ilə onu benzinlə qarışdırmaq olar.

Elektrik enerjisi akkumulyatorlarla və yanacaq elementləri ilə işləyən elektrik avtomobilləri üçün alternativ nəqliyyat yanacağı kimi istifadə olunur. Akkumulyatordan qidalanan elektrik nəqliyyat vasitələrində enerji batareyalarda yığılır. Bu batareyalar avtomobili standart elektrik enerjisi mənbəyinə birləşdirməklə doldurulur.

Yanacaq elementləri ilə təchiz edilmiş nəqliyyat vasitələri hidrogenin və oksigenin qarşılıqlı təsiri ilə gedən elektrokimyəvi reaksiyadan alınan enerji ilə işləyir. Məlum olduğu kimi, yanacaq elementlərində elektrik enerjisi yanma prosesindən istifadə olunmadan və çirklənmə əmələ gətirmədən istehsal olunur ki, bu da ətraf mühitə vurulan zərəri azaldır.

Hibrid nəqliyyat vasitələri və elektrik avtomobilləri havaya atılan zərərli tullantılar baxımından ənənəvi avtomobillərlə müqayisədə əhəmiyyətli üstünlüklərə malik ola bilər. Belə avtomobilləri gecə vaxtı evdə, iş yerində və yaxud ictimai enerjidoldurma məntəqələrində doldurmaq olar. Hibrid elektrik avtomobilləri əlavə çevikliyə malikdir, çünki onları ehtiyac olan hallarda benzin və dizel yanacağı ilə doldurmaq da olar.

Həmçinin, alternativ kimi Hidrogen də mövcuddur. Onu təbii qazla qarışdırdıqda müəyyən növ daxili yanma mühərriklərində istifadə edilən nəqliyyat yanacağı alınır. Neft-kimya reaksiyasından hasil olunan elektrik enerjisi ilə işləyən yanacaq elementləri, həmçinin, yanacaq "batareyasında" oksigenlə birlikdə hidrogeni də istifadə edir.

Və, nəhayət, hazırlandıqdan sonra hətta təkrar istifadə olunan bitki yağlarından və ya heyvan mənşəli piylərdən alınan Biodizel Yanacağı. Nəqliyyat vasitələrinin mühərriklərini təmiz halda biodizel yanacağı yandıran mühərriklərə çevirməklə yanaşı, onu neftlə qarışdırmaq və modifikasiya edilməmiş mühərriklərdə istifadə etmək də mümkündür. Təhlükəsizliyindən əlavə, bioloji parçalanan yanacaq avtonəqliyyat vasitələrinin havaya buraxdığı zərərli qazların tərkibindəki çirkləndiricilərin miqdarını azaltmağa kömək edir.

Mənbə: The Times of India

Məqalədə:
Xəbər lenti

Xəbər lenti